Dünyada “Avropa İttifaqı 2″ şərti adlı yeni model yaranır”: ATƏT-in ləğvi ilə bağlı AÇIQLAMAbackend

Dünyada "Avropa İttifaqı 2" şərti adlı yeni model yaranır": ATƏT-in ləğvi ilə bağlı AÇIQLAMA

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ATƏT-in bir təşkilat kimi mövcudluğunu dayandıra biləcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) qarşıdakı altı ay ərzində böhranla üzləşəcək. Çünki Rusiya və Belarus Estoniyanın 2024-cü ildə təşkilata sədrliyini həvəssiz şəkildə təsdiqləyəcək. Bəs görəsən, ATƏT-in ləğv olunması, təşkilat kimi fəaliyyətini dayandırması mümkündürmü? Əgər ATƏT ləğv olunsa, bu, dünyanın siyasi arenasına necə təsir göstərəcək?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, ATƏT artıq dünyada öz mövqelərini itirən bir təşkilatdır: “Təşkilatın öz missiyasına uyğun fəaliyyət göstərməməsi, dünyadakı münaqişələrdə və qlobal nizamsızlıqlarda nizamnaməsindən irəli gələn işləri həyata keçirməməsi ATƏT-in nüfuzdan düşməsinə səbəb olub. Adıçəkilən təşkilatın hörmətini itirməsinin ən böyük səbəblərindən bir də Minsk Qrupu idi. Çünki Minsk Qrupu Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı 30 il ərzində heç bir addım ata bilmədi. Eyni zamanda dondurulan münaqişələr məsələsində, daim gərginlik olan coğrafiyalarda ATƏT üzərinə düşən öhdəlikləri heç bir formada yerinə yetirmədi. Ona görə də, ATƏT fəaliyyətini dayandırmasa belə, onunla əməkdaşlıq edən dövlətlərin sırasının xeyli seyrələcəyini söyləmək mümkündür”.

Tural İsmayılov: “Qərbin apardığı danışıqlar daha işləkdir”

Politoloq əlavə edib ki, Britaniya və ABŞ mərkəzli Qərbdə yeni təşkilatın yaradılması ideyası müzakirə olunur: “Belə bir vaxtda ATƏT-in ləğv edilməsi məsələsinin daha da aktual olduğunu düşünürəm. ATƏT ləğv olunarsa, o zaman “Avropa İttifaqı 2″ şərti adı altında yeni bir model yarana bilər. Əslində bu modelin yaradılması üçün uzun müddətdir müzakirələr aparılır. ATƏT-in fəaliyyətini dayandıracağı ilə bağlı xəbərlərin dövriyəyə buraxılması da məhz bu siyasi məqsədə xidmət edir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*