Egemen Bağış: ““Türk olmaqdansa, köpək olun” düşüncəsi…”backend

Egemen Bağış: "“Türk olmaqdansa, köpək olun” düşüncəsi..."

Türkiyənin Avropa İttifaqı İşləri üzrə sabiq naziri, hazırda ölkənin Praqadakı səfiri Egemen Bağış yerli mediaya müsahibə verib.

KONKRET.az səfirin axar.az-a verdiyi müsahibəni təqdim edir:

– Türkiyənin hazırda Avropa Birliyi ilə münasibətləri ürəkaçan səviyyədə deyil. Sizcə, AB ilə münasibətlərin düzəlməsi üçün qarşılıqlı hansı addımlar atılmalıdır?

– Hesab edirəm ki, qərəz Türkiyənin Avropa Birliyi üzvlüyü qarşısında duran ən böyük maneədir. Bu qərəzdən xilas ola bilsək, bu prosesdə daha qısa zamanda irəliləyiş əldə olunacaq. Avroplalılar qərəzli fikirlərdən qurtularaq bir şeyi görməlidir: müzakirələrə başlayıb onu sonlandıra bilməyən heç bir ölkə yoxdur, Türkiyə istisna olmayacaq. Türkiyənin Ginnesin Rekordlar Kitabında yer alması lazım olan bir ölkə olduğunu düşünürəm. Çünki heç bir ölkə beynəlxalq bir quruma üzv olmaq üçün bu qədər səbirli olmayıb, heç vaxt bu qədər əmək sərf etməyib. Türkiyə 1958-ci ildən bəri AB üzvü ola bilmək üçün fərqli dövrlərdə fərqli yollarla müxtəlif səylər göstərir. Bu illər ərzində hər iki tərəfin səhvləri olub, ancaq irəliyə baxmalıyıq. Qərəzdən xilas olub önümüzə baxsaq, Türkiyənin Avropa Birliyinə ehtiyacı olan qədər, bəlkə də, ondan da çox AB-nin Türkiyəyə ehtiyacı var. AB öz ehtiyaclarını, beynəlxalq vizyonunu, öz mənfəətini nəzərə alaraq Türkiyəylə daha güclü olacağını görməlidir. Avropa Birliyinin nə olduğunu özümdən soruşduğumda, cavabım “Bəşər tarixinin ən əhatəli sülh layihəsi” deyə cavablandırıram. Tarixlərinə baxanda AB-yə üzv ölkələrin əslində uzun illərdir təkbətək mübarizə apardıqlarını, çoxlu qanlı savaşlar keçirdiklərini, ancaq indi eyni dam altında birlikdə barışıq içində yaşaya bildiklərini görürük. Türkiyənin üzvlüyü bu müqəddəs sülh layihəsini qloballaşdıracaq böyük bir həmlədir. Hesab edirəm ki, qərəzdən arınaraq, gələcəyə, ümumi maraqlara fokuslanaraq bu prosesi birlikdə zənginləşdirməliyik. Türkiyənin bu gün və ya sabah üzv olmaq gözləntisi yoxdur, amma Türkiyənin üzvlük perspektivini əlindən almağa cəhd olunarsa, Avropa enerji, təhlükəsizlik, miqrasiya, ticarət, rəqabət kimi sahələrdə çox zəif bir vəziyyətə düşmək məcburiyyətində qalacaq. Buna görə də AB Türkiyəyə sahib çıxmalıdır.

– Sizcə, Türkiyə kimi müsəlman ölkələrin AB üzvü olmaq şansı hansı səviyyədədir? AB-ni həqiqətənmi “xristian klubu” adlandırmaq olar?

– Əslində, Avropanın bu gün xristian və ya hər hansı bir dinə sıx bağlı, dindar olduğunu söyləmək tam doğru deyil. Məsələn, ölkəmi qürurla təmsil etdiyim Çex Respublikasında aparılan sorğularda insanların təxminən səksən faizi özlərini ateist kimi qələmə verir, ancaq həyat tərzlərinə baxdıqda onların xristianlıq və yəhudilik qarışığı bir həyat tərzi sürdüklərini görürük. Başqa sözlə, kilsələri konsert salonlarına çeviriblər, mütəmadi olaraq kilsəyə getmirlər, amma hər il Miladda bütün şəhəri bəzəyir və bir-birlərinə hədiyyə alırlar. Cinayət nisbəti aşağıdır, insani dəyərlərə önəm verirlər. Amma bir qorxu var. Bəli, islamdan qorxurlar. Müsəlmanlardan qorxurlar, təəssüf ki, burada Əl-Qaidə kimi qrupların, Bin Laden kimilərinin yaymağa çalışdıqları bir təsirin altında olduqlarını görürük. İslam Əməkdalıq Təşkilatı və bu təşkilata üzv dövlətlər islamın mənasının doğru mesajını bu gün dünyaya tanıtmaq üçün daha çox səy göstərməlidirlər. Bu qorxuların nəticəsidir ki, Türkiyənin müsəlman kimliyi səbəbindən AB-ə üzv olmasını istəməyən xeyli insan var. Nəinki Türkiyənin, vətəndaşlarının bir qisminin müsəlman olduğu Bosniyanın, Kosovanın, Albaniyanın da üzvlüyünə mane olmağa çalışan bir zehniyyət var. Bu, onların məntiqdən çox, duyğu ilə hərəkət etdiklərini göstərir. Bu qorxulardan necə qurtulacaqlarını bilmələrini təmin etmək lazımdır. Ancaq AB bəzilərinin dediyi kimi bir “xristian klubu” deyil, AB-nin rəsmi sənədlərinin heç birində xristianlığa istinad yoxdur. Bunu etməyə çox cəhdlər oldu, amma həmişə uğursuzluqla nəticələndi. Çünki Avropa artıq o xristian dəyərlərini çox da daşımır. Avropada dinə yanaşmanın keçmişlə müqayisədə çox zəif nöqtədə olduğunu demək olar.

– Azərbaycanla Türkiyənin AB daxilində son dönəmlərdə ən çox problem yaşadığı ölkə Fransadır. Halbuki Fransa ilə ölkələrimizin əksər sahələrdə ortaq strateji maraqları var. Sizcə, niyə Fransanın hazırki rəhbərliyi bu faktları görməzdən gələrək Türkiyə və Azərbaycanla konfrantasiya yolunu tutur?

– Fransada Türkiyəyə və Azərbaycana qarşı mənfi bir yanaşma varsa, səbəbinin Türkiyəyə və Azərbaycana qarşı olan lobbilərin səsinin daha çox çıxmasından qaynaqlandığını düşünürəm. Erməni lobbisinin Fransada xüsusilə təsirli olduğunu hər kəs bilir. Bu gün Fransada əhəmiyyətli nöqtələrə çatmış ermənilər var, görürük ki, oradakı erməni icması türklərdən sayca çox olmasa da, siyasi güc baxımından daha köhnə bir cəmiyyətdir və aktiv siyasətlə məşğuldurlar. Onlar öz mədəniyyətlərini itirməmək üçün fərqli bir strategiya hazırlayıblar. Hər bazar kilsədə cəmiyyətin nümayəndələrinin ciblərini boşaldarkən beyinlərini də nifrətlə doldurdular. Bir çox yerdə kiçik uşaqlara “türk olmaqdansa, köpək olub hürməyi seçərəm” kimi şeirlər əzbərlədilir. 3-4 yaşında uşaq bunu əzbərlədiyi zaman böyüdükdən sonra istəsə də, şüur altındakı nifrətdən canını xilas edə bilmir. Erməni cəmiyyəti öz daxilində Türkiyə, türk, Azərbaycan düşmənçiliyi ilə cəmiyyəti assimilyasiyadan qorumağa çalışıb. Mən bu nifrət tacirlərinin metodundan istifadəni məqsədəuyğun görmürəm. Ancaq Fransanın da bir az əvvəl dediyim kimi, Türkiyəyə fərqli bir yanaşması var. Narahatlıqlarının əsas səbəbi Türkiyənin AB-ə üzv olacağı təqdirdə Fransanın ikincilikdən üçüncü sıraya düşməsi ehtimalıdır. Bu səbəbdən Avropa Birliyindəki prosesi əngəlləməyə çalışırlar. Erməni lobbisinin təsiri ilə, xüsusən də Qarabağ hadisəsində Azərbaycanın möhtəşəm performansını və qələbəsini həzm edə bilmirlər. Digər tərəfdən, Fransadakı siyasətçilər həmişə səhv hesablamalar aparırlar. Türkiyəyə qarşı çıxaraq, seçkilərdə ikinci bir qələbəyə ümid edirlər. Sarkozi də bunu etdi və məğlub oldu, Makron da hazırda bu siyasəti yürütməkdədir. Təəssüf ki, müasir Fransa liderlərində Jak Şirakdakı, Fransua Mitterandakı vizyon yoxdur.

– Türkiyə İstanbul Konvensiyasından çıxdığını açıqladı. Bu, AB-nin Türkiyəyə qarşı yeni təzyiq dalğasına rəvac verə bilərmi?

– Əvvəlcə onu qeyd edim ki, hər bir ölkə öz milli suverenliyi çərçivəsində istədiyi beynəlxalq müqaviləyə daxil ola və istədiyi beynəlxalq müqavilədən çıxa bilər. Avropa Birliyinin İstanbul Konvensiyası vasitəsilə yeni bir təzyiq tətbiq etməsi axmaqlıq olardı. Nə üçün? Çünki hazırda ona yaxın Avropa Birliyinə üzv ölkə İstanbul Konvensiyasını tətbiq etmir, çıxmaq üçün yeni düsturlar tapmağa çalışır. Bəzi AB üzvü ölkələr İstanbul Konvensiyasını qəbul etdiklərini elan etdilər, lakin heç vaxt bunu parlamentdə təsdiqləmədilər. Bu siyahıya İngiltərə və mənim çalışdığım Çexiya da daxildir. Hazırda İstanbul Konvensiyasının Türkiyədə meydana gətirdiyi bir təəssürat var. Bu təəssürat dəyərlərimizə, inanclarımızla ziddiyyət təşkil edir. Yəni söhbət beynəlxalq dəyərlərdən, məsələn, qadın hüquqlarından gedirsə, Türkiyənin qadın hüquqlarını müdafiə etmək üçün hər hansı beynəlxalq bir sənədə ehtiyacı yoxdur. Bunun üçün bizim öz qanunlarımız var. Yəni bu gün Türkiyə Avropa Birliyinə üzv olan bir çox ölkədən çox daha erkən qadınlara seçmək və seçilmək hüququ verib. Türkiyədən 30 il, 35 il sonra seçmək və seçilmək hüququ qazananların bu mövzuda Türkiyəni tənqid etməsi, həqiqətən də, düşündürücüdür və məntiqsizdir.

– Cənab səfir, bütün bu baş verənlərin fonunda AB-nin perspektivi necə görünür?

– Uzun illərdir Avropa Birliyi ilə işləmişəm. Türkiyə Cümhuriyyətinin ilk AB naziri və AB-ə üzvlüklə bağlı baş müzakirəçisi kimi 5 il fəaliyyət göstərmişəm. 15 il Avropa Birliyinin siyasi dönəminin birbaşa içində oldum. Mən şəxsən prezidentimizin baş nazirliyi və prezidentliyi dövründə Avropa liderləri ilə görüşlərdə tez-tez iştirak etmişəm. Düşünürəm ki, Avropa Birliyi hazırda həqiqətən çox fərqli bir prosesdən keçir. Avropa Birliyi “qabıqdəyişmə” prosesindədir, çünki bugünkü Avropa Birliyi illər öncə qurulan altıüzvlü Avropa Birliyi deyil. Bəlkə də altıüzvlü birliklə bir çox məsələdə yekdil qərarlar qəbul etmək məntiqli olardı, amma 28 ölkəsi olan Avropa Birliyində bir çox məsələlərdə yekdillik əldə etmək, demək olar ki, mümkün deyil. Bu səbəbdən Avropa Birliyində ölkələr hətta bir-birlərinin zəif tərəflərinə və çatışmazlıqlarına göz yumurlar. Başqa sözlə, Yunanıstan müflis olanda, heç vaxt geri ala bilməyəcəklərini dərk etdikləri halda 400 milyard avronu Yunanıstan iqtisadiyyatına yatırdılar. Çünki Yunanıstan bir ölkə olaraq batsaydı, bu, domino effekti verəcəkdi. Digərləri bu səhvləri yalnız iflas etməli olduqları üçün edirlər. Yaxud bəzi ölkələr tərəfindən AB fondları ilə bağlı verilən məlumatlar doğru olmasa da, onu doğru kimi qəbul edirlər. AB-nin bu mərkəzçilikdən xilas olması lazımdır. Günümüzdə insanlar, beynəlxalq kanallar bir yana, regional və ya hətta şəhər daxili qərarlar vermək istəyirlər. Əslində Avropa Birliyinin bir çox məsələdə yeni bir dəyişiklik prosesi keçməsi lazımdır. Hazırda bununla bağlı doktorluq tezisimi yazıram. Düşünürəm ki, Avropa Birliyində qərar mexanizmləri dəyişməlidir, yəni bir çox məsələlərdə bu cür yekdillik əvəzinə Avropa Birliyində fərqli mexanizmlər mövcud olmalıdır.

İngiltərə, İsveçrə, İslandiya və Norveç, Türkiyə kimi və hazırda AB-yə üzv olub bundan narazı olan bir çox AB ölkəsinin qatıla biləcəyi yeni bir kateqoriyasının formalaşmasının vacibliyinə inanıram. Türkiyə üçün bəlkə də AB komissiyası və AB parlamentində olmaq o qədər də əhəmiyyətli deyil, amma sərbəst ticarət, sərbəst gediş-gəliş və Erasmus kimi əhəmiyyətli layihələrdən türk gəncliyinin yararlana bilməsi olduqca önəmlidir və istiqamətdə yeni bir struktur yaradılmalıdır.

Avropa Birliyi daxilində Brüsseldən qərar qəbul etmək əvəzinə, üzv dövlətlərin öz qərarlarını özlərinin verə bilməsini təmin etmək lazımdır. Əslində bölgələrdə fərqliliklər var, yəni Fransadakı Paris bölgəsi ilə Kann bölgəsindəki gözləntilər bu gün eyni deyil və ya Münhen və Berlin və burada yaşayan insanların hədəf və gözləntiləri çox fərqli ola bilər. Bu baxımdan hesab edirəm ki, Avropa Birliyindəki uzunmüddətli perspektiv, daha praktik, daha konstruktiv və emosional deyil, məntiqi çərçivədə qəbul edilmiş qərarlarla inkişaf etdirməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*