Qeyri-rəsmi işləyənlər üçün vacib açıqlama: Bu illəri əmək stajına daxil etdirmək mümkündür?
Əmək müqaviləsi bağlanmadan uzun illər qeyri-rəsmi çalışan şəxslərin sonradan həmin dövrü rəsmiləşdirərək əmək stajına daxil etdirmək imkanları cəmiyyətdə maraq doğuran məsələlərdən biridir. Belə hallarda şəxsin faktiki işlədiyini təsdiqləyən sübutlar xüsusi əhəmiyyət kəsb edir.
Bəs qeyri-rəsmi iş dövrünü məhkəmə və ya digər hüquqi yollarla sübut edən şəxs həmin illəri əmək stajına daxil etdirə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, şəxsin faktiki olaraq əmək fəaliyyəti göstərdiyini təsdiqləyən əsaslar mövcud olduğu halda həmin dövrün hüquqi baxımdan tanınması mümkündür.

“Əmək müqaviləsinin rəsmiləşdirilməməsi şəxsin həmin dövrdə işləmədiyi anlamına gəlmir. Lakin qeyri-rəsmi əmək fəaliyyətinin əmək stajına daxil edilməsi üçün bu fəaliyyət qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübut edilməlidir”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, işçinin müəyyən müəssisədə və ya işəgötürənin yanında konkret müddət ərzində çalışdığını təsdiqləyən sənədlər, ödəniş qəbzləri, yazışmalar, şahid ifadələri və digər sübutlar mühüm əhəmiyyət daşıyır.
“Əgər şəxs uzun müddət qeyri-rəsmi işləyibsə və həmin dövrdə faktiki əmək münasibətlərinin mövcudluğunu sübut edə bilirsə, məsələ qanunvericiliyə uyğun qaydada araşdırıla bilər. Məhkəmə əmək münasibətlərinin mövcudluğunu təsdiqlədiyi halda, həmin dövrün əmək stajı kimi nəzərə alınması mümkün ola bilər”, – deyə Asif İbrahimov qeyd edib.
Ekspert əlavə edib ki, əsas məsələ şəxsin sadəcə işlədiyini iddia etməsi deyil, bu iddianı hüquqi baxımdan təsdiqləyən kifayət qədər sübutların mövcud olmasıdır.
“Bu səbəbdən qeyri-rəsmi çalışan şəxslərin əvvəlki əmək fəaliyyətinə dair sənədləri, ödəniş qəbzlərini, yazışmaları və digər sübutları qoruyub saxlaması vacibdir. Xüsusilə pensiya və sosial təminat hüquqlarının müəyyənləşdirilməsi zamanı əmək fəaliyyətinin hansı dövrü əhatə etdiyinin və onun qanuni əsaslarla təsdiqlənməsinin düzgün müəyyən olunması mühüm əhəmiyyət daşıyır”, – deyə iqtisadçı bildirib.
Beləliklə, uzun illər qeyri-rəsmi işlənilən dövr əmək stajına avtomatik olaraq daxil edilmir. Bunun üçün əmək münasibətlərinin mövcudluğu qanunla müəyyən edilmiş qaydada təsdiqlənməlidir. Müvafiq sübutlar və hüquqi əsaslar olduqda isə həmin dövrün əmək stajı kimi tanınması məsələsinə baxılması mümkündür.
Aynurə İsmayıl,
KONKRET.az
