Azərbaycanda məmurların bir çoxu idarə etdiyi sahənin fəlsəfəsini, kontektini anlamır, rəhbərlik etdiyi sahədə məqsədin nədən ibarət olduğunu qavramır – bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, “nəqliyyat pulsuz olarsa, hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq”.
Nəqliyyatla birbaşa məşğul olan nazirlikdə müavin kimi önəmli bir vəzifə daşıyan şəxsin məqsədi məhz insanları ictimai nəqliyyata yönləndirmək olmalıdır. İctimai nəqliyyatın əlçatanlığı, rahatlığı artmalı, şəxsi avtomobillərdən istifadənin, tıxacların azalması nazir müavini üçün hədəf olmalıdır.
Konkret bu məsələyə gəldikdə, metronu təmir edirsiz, sağ olun, yaxşı edirsiz – təmir olmasaydı Əbdül dayı, Xeyransa xala, tələbə olan Adil, şagird olan Xatirə 60 qəpik verib 28 May ərazisinə gələcəkdilər. İndi siz təmir edirsiniz, yol kəsilir, həmin 60 qəpiyə gəlir-çıxır Nizami stansiyasına. Oradan 28 may stansiyasına ekspress avtobus təşkil edirsiniz ki, vətəndaş istədiyi nöqtəyə çatsın – amma, bu 2 km-dan az olan, ancaq iki metro stasiyası arasında işləyəcək avtobusları da pullu edib, 60 qəpik qiymət qoyursunuz. Məntiq hardadı?!
Sizə 15 ildir deyirik ki, zamana bağlı, saatlıq, günlük, həftəlik, aylıq, yarımillik və illik biletlər satın – etmədiz, indi 1 saatlıq bilet olsaydı, vətəndaş metrodan düşün avtobusa, ya da əksinə, minə bilərdi, ödənişi bir dəfə edərdi.
Hə, onu da deyim ki, cənab nazir müavini, hörməyli Rəhman bəy, Malta, Lüksenbuq, Estoniyada ictima nəqliyyat pusuzdur. Fransanın 30 çəhərində yerli şəhər bələdiyyələrinin (bələdiyyə – insanlar gedir özü seçir, yəqin eşitmisiniz) qərarı ilə nəqliyyat pulsuzdur, Polşada 10-dan çox şəhər də eyni qərar qəbul edib, Melburn şəhərində isə mərkəzdə (Free Tram Zon) pulsuz tramvay xəttləri var. İndi deyirsiz bu yerlərdə hər kəsin ictimai nəqliyyata yönəlməsi pisdir?! Elə ona çalışırlar e oralarda, yəni, vəzifəsi olanın məqsədi, məramı budur…
Natiq Cəfərli
