Azərbaycanın Ukraynadakı səfirliyi bəzi KİV-lərin səfir Elmira Axundovanın müsahibəsinin ümumi kontekstindən çıxarılmış cümlənin tərcüməsinin təhrif olunmuş formada paylaşılmasına dair açıqlama yayıb.
“Səfir Elmira Axundova aparıcı Şusterin “Türkiyə Azərbaycanın hazırda əsas müttəfiqidir və beləliklə də, Türkiyə ən azı Zaqafqaziyada ciddi faktordur, belədirmi?” sualına “Yəgin ki, belədir… Türkiyə Rusiya ilə birlikdə mütləq bu münaqişənin həllinin nizamlanmasında iştirak edəcəkdir, buna da heç də təəcüblənmək lazım deyil. Çünki Türkiyə 1991-ci ildən ölkəmizin ən yaxın müttəfiqidir… həmişə bizə dəstək olub. Biz qardaş dövlət və qardaş xalqlarıq…” fikirlərini söyləyib. Səfir E.Axundova çıxışını “hansısa Türkiyə bizə kömək etməyib” kimi yox, məhz “heç də nə Rusiya, nə Türkiyə! Biz özümüz bunu etdik – bizim əsgərlərimiz, bizim zabitlərimiz!” ifadəsi ilə yekunlaşdırıb”, – məlumatda bildirilir.
Səfirlikdən KONKRET.az-a verilən məlumata görə, E.Axundovanın Şusterin 13 noyabr tarixli bu verilişindəki nitqinin tam videosu səfirliyin sosial şəbəkələrdə yerləşdirilmiş və yalnız facebook səhifəsində bu videonun 100 minə yaxın izləyicisi olub və əsasən də ermənilər tərəfindən həmin videoya nəlayiq sözlərlə şərhlərin verilməsi davam edir.
