ABŞ şirkəti Almaniyada peyk zavodu açır – hərbi avadanlıqlara tələbat artırbackend

ABŞ şirkəti Almaniyada peyk zavodu açır – hərbi avadanlıqlara tələbat artır

Kaliforniyada yerləşən peyk istehsalçısı Planet Labs Almaniyada hərbi sənayenin peyk məlumatlarına artan marağı və ölkənin müdafiə büdcəsinin genişlənməsi fonunda Berlində yeni zavod açır.

KONKRET.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, 2010-cu ildə NASA-nın üç keçmiş tədqiqatçısı tərəfindən yaradılan şirkət yeni müəssisədə “Pelican” seriyasına aid peyklər istehsal etməyi planlaşdırır. Zavodun ildə 60-dək peyk buraxa biləcəyi bildirilir.

Aşağı Yer orbitində fəaliyyət göstərəcək bu peyklər Yer səthinin yüksək dəqiqliklə müşahidəsi üçün nəzərdə tutulub.

Planet Labs-ın baş icraçı direktoru Uill Marşall “Financial Times” qəzetinə bildirib ki, ABŞ-dan kənarda yaradılan ilk istehsal müəssisəsinə “səkkizrəqəmli” məbləğdə, yəni on milyonlarla avro həcmində investisiya yatırılacaq.

Onun sözlərinə görə, Almaniya kosmik kəşfiyyat sahəsində ABŞ-dan asılılığı azaltmaq istiqamətində Avropada lider mövqedədir.

Planet Labs müştərilərinə orbitdə fəaliyyət göstərən 200-ə yaxın peykdən əldə etdiyi məlumatları təqdim edir. Şirkət həmçinin müştərilərə öz peyklərini əldə etmək və istismar etmək imkanı verir.

Amerikan şirkəti Ukraynaya peyk xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə də imzalayıb. Bu xidmətlərin haqqını Almaniya hökuməti ödəyir. Marşallın sözlərinə görə, həmin xidmətlər Ukraynaya “Rusiyadan gələn təhdidləri izləməyə” kömək edir.

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirmişdi ki, ölkə 2030-cu ilədək öz rabitə və müşahidə peyk sistemlərinin yaradılmasına 35 milyard avro xərcləməyi planlaşdırır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*