Qanlı kraliça – Tarix hələ belə qadın görməyibbackend

Qanlı kraliça – Tarix hələ belə qadın görməyib

Tarixin ən sərt və qeyri-adi hökmdarlarından biri 1828–1861-ci illərdə Madaqaskarı idarə etmiş kraliça I Ranavalona hesab olunur. Onun haqqında hətta belə bir rəvayət var ki, yuxusunda xəbərsiz şəkildə qarşısına çıxan təbəələrini belə edam etdirirdi.

Onun hakimiyyəti Madaqaskar tarixinin ən qanlı dövrlərindən biri kimi təsvir olunur. Təbəələrin öldürülməsi, dinc əhaliyə qarşı qırğınlar və kütləvi repressiyalar aclıq və yoxsulluqla növbələşirdi. I Ranavalonanın bioqrafiyasını araşdıran bəzi tarixçilərin fikrincə, məhz onun hakimiyyəti dövründə Madaqaskar əhalisinin böyük bir hissəsi ya birbaşa onun əmrləri ilə, ya da həyata keçirdiyi sərt siyasətin nəticəsində həyatını itirib.

Ranavalonanın kraliça kimi hakimiyyətə gəlişi də təsadüfi hadisə ilə bağlı idi. Doğularkən Rabodoandrianampoinimerina adı verilmiş gələcək kraliçanın atası həmin dövrün Madaqaskar kralı Andrianampoinimerinandriantsimitoviaminandriampanjaka üçün kəşfiyyatçı kimi çalışırdı. Atası hökmdara ona qarşı hazırlanan sui-qəsd barədə xəbər verdi.

Kral da minnətdarlıq əlaməti olaraq kəşfiyyatçının qızını öz oğlu – taxtın varisi və gələcək kral I Radamaya ərə verdi.

Lakin bu nikah uğurlu olmadı və onların övladı dünyaya gəlmədi.

1828-ci ildə əri öldükdən sonra Ranavalona taxta mümkün namizədlərlə amansız şəkildə haqq-hesab çəkməyə başladı. Kral ailəsinin bəzi üzvləri boğularaq öldürüldü, digərləri isə həbsxanalara salınaraq aclığa məhkum edildi.

Daxili rəqiblərini aradan götürdükdən sonra Ranavalona hakimiyyəti tamamilə ələ keçirdi və özünü I Ranavalona adı ilə Madaqaskarın kraliçası elan etdi.

Lakin onun hakimiyyət uğrunda mübarizəsi bununla bitmədi. Qarşısında bu dəfə xarici qüvvələr dayanırdı.

Əri I Radama hakimiyyəti dövründə Madaqaskarı xaricilərin üzünə açmışdı. Məqsəd Avropanın elmi və texniki biliklərindən istifadə etməklə ölkəni modernləşdirmək idi. Bunun nəticəsində xristianlıq adada yayılmağa başladı, ibtidai təhsil inkişaf etdi, malqaz dilində yazı sistemi ərəb qrafikasından latın qrafikasına keçirildi.

Ölkədə ilk mətbəələr də fəaliyyətə başladı. Burada dini ədəbiyyatla yanaşı əlifbalar, dərsliklər, lüğətlər, nağıllar və atalar sözləri topluları nəşr edilirdi.

Avropa təsirinin Madaqaskarın inkişafına müsbət təsir göstərdiyini düşünənlər çox idi. Lakin Ranavalona bunun əksini düşünürdü. Onun fikrincə, Avropa müstəmləkəçi dövlətlərinin əsas məqsədi Madaqaskarı tədricən öz təsirləri altına salmaq və sonda onu müstəmləkəyə çevirmək idi.

Bu səbəbdən I Radamanın ölümündən sonra o, Avropa ilə münasibətləri tədricən məhdudlaşdırmağa başladı.

Kraliça xarici missionerlərin fəaliyyətinə qarşı sərt tədbirlər gördü, onların bir hissəsini ölkədən qovdu, İngiltərə və Fransa ilə bağlanmış bəzi müqavilələri ləğv etdi və xristianlığın yayılmasını qadağan etdi.

Onun siyasətinin əsas istiqaməti Avropanın Madaqaskardakı təsirini minimuma endirmək, ölkəni xarici dünyadan təcrid etmək və ənənəvi idarəçilik qaydalarını bərpa etmək idi.

Kraliçanın sərt siyasəti yalnız öz təbəələrinə münasibətlə məhdudlaşmırdı.

Kraliça bütün Madaqaskara nəzarəti gücləndirmək istəyirdi. Buna görə də hakimiyyətinə qarşı çıxan və onun idarəçilik prinsiplərini qəbul etməyən bölgələrə mütəmadi hərbi yürüşlər təşkil edilirdi.

Kral ordusu üsyançılara qarşı amansız davranırdı. Yaşayış məntəqələri dağıdılır, əkin sahələri yandırılır, evlər talan edilir, yerli əhali arasında nümayişkaranə edamlar həyata keçirilirdi. Məqsəd digər bölgələrə də müqavimətin nəticələrini göstərmək idi.

Onun dövrü Madaqaskarın demoqrafik tarixində də ağır iz buraxdı. Müxtəlif mənbələrdə onun hakimiyyəti illərində əhalinin kəskin azalması barədə fərqli rəqəmlər göstərilir. Bəzi hesablamalara görə, 1833–1839-cu illər arasında adanın əhalisi təxminən 5 milyondan 2,5 milyona qədər azalmışdı. Ranavolanın doğulduğu bölgədə isə əhalinin 750 mindən 130 minə qədər düşdüyü iddia olunur.

Kölə ticarəti də həmin dövrün mühüm problemlərindən biri idi. 1820–1853-cü illər arasında Madaqaskardan bir milyondan çox insanın qul kimi aparıldığı barədə rəqəmlər səsləndirilir. Lakin bu rəqəmlər və onların Ranavola hakimiyyəti ilə birbaşa əlaqəsi tarixşünaslıqda ayrıca qiymətləndirilən məsələlərdəndir.

Madaqaskarın bu qanlı dövrü 15 avqust 1861-ci ildə başa çatdı. Ölkəni 33 il idarə edən kraliça 83 yaşında vəfat etdi.

Beləliklə, onun ölümü hakimiyyətinin sonunu gətirdi. Haqqında müxtəlif və bəzən bir-birindən ciddi şəkildə fərqlənən rəqəmlər səsləndirilsə də, onun adı Madaqaskar tarixində sərt idarəçilik, repressiyalar, xarici təsirə qarşı mübarizə və ölkənin uzunmüddətli təcrid siyasəti ilə bağlı olaraq qalır.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*