Diz çökdürülərək başının kəsilməsini gözləyən bu insan Suriya arxeoloqu, doktor Xalid əl-Əsəddir. O, Palmirin qədim arxeoloji kompleksində uzun illər davam etdirilən qazıntı işlərinə rəhbərlik edib.
KONKRET.az xəbər verir ki, doktor Xalid əl-Əsəd İŞİD silahlılarının Palmiri ələ keçirməsindən əvvəl şəhərin qədim xəzinələrinin və arxeoloji artefaktlarının gizlədildiyi yeri açıqlamaqdan imtina edib. 2015-ci ilin iyulunda əsir götürülən 82 yaşlı arxeoloq uzun müddət işgəncələrə məruz qalsa da, qədim artefaktların gizlədildiyi yeri deməyib.
Nəticədə o, Palmirin muzeyi qarşısındakı meydanda edam edilib. Daha sonra cəsədinin yaxınlıqdakı sütunlardan birindən asıldığı bildirilir.
Xalid əl-Əsəd uzun illər Palmirin qədim abidələr kompleksinin baş kuratoru kimi çalışıb. İŞİD-in şəhəri ələ keçirəcəyi məlum olduqda, onun rəhbərlik etdiyi alimlər qrupu qiymətli arxeoloji nümunələri xilas etmək üçün onları təhlükəsiz ərazilərə çıxarmağa çalışıb.
Mənbələrdə əl-Əsədin yüzlərlə qiymətli artefaktın Palmir şəhərindən çıxarılaraq qorunub saxlanılmasında mühüm rol oynadığı qeyd olunur.
Bildirilir ki, bir sıra Avropa ölkələri ona yaşayış icazəsi və vətəndaşlıq təklif edib. Lakin əl-Əsəd Suriyanı tərk etməkdən imtina edib.
Xalid əl-Əsəd beynəlxalq arxeologiya ictimaiyyətində Palmir üzrə tanınmış mütəxəssislərdən biri hesab olunurdu. Məlumatlara görə, o, beş müasir dildə danışırdı və bununla yanaşı, altı qədim dil bilirdi. Həmin dillərdən bəzilərinin bu gün artıq istifadədən tamamilə çıxdığı bildirilir.
Onun həyatının son mərhələsi Palmirin qədim irsinin qorunması uğrunda mübarizənin faciəli simvollarından birinə çevrilib.
Natiq Səlim,
KONKRET.az
