Latviya Usmanov və Fridmana qarşı sanksiyaların götürülməsinə mane olurbackend

Latviya Usmanov və Fridmana qarşı sanksiyaların götürülməsinə mane olur

Latviya Rusiyalı iş adamlarına qarşı Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların ləğvinə dair razılaşmanı dəstəkləməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, Latviyanın Baş naziri Andris Kulberqs bildirib ki, ölkəsi iki rusiyalı biznesmenin sanksiya siyahısından çıxarılması müqabilində Rusiya ilə əlaqəli təxminən 3 min fiziki şəxs və təşkilata qarşı məhdudiyyətlərin daha üç il uzadılmasını nəzərdə tutan razılaşmanı dəstəkləməyəcək.

“Vəziyyət mürəkkəbdir. Sanksiyaların uzadılması üçün Avropa İttifaqına üzv olan 27 dövlətin hamısının razılığı tələb olunur. Müddət başa çatana qədər razılıq əldə edilməsə, təhlükə yalnız Əlşer Usmanov və Mixail Fridmanın deyil, bütün siyahının sanksiyalardan çıxarılması ilə bağlı ola bilər. Sanksiyaların 36 ay müddətinə uzadılması düzgün addım olardı. Lakin bunun əvəzi iki şəxsin sadəcə olaraq sanksiya siyahısından çıxarılması olmamalıdır”, – Kulberqs deyib.

Baş nazir əlavə edib ki, məsələni müzakirə etmək üçün hökumətin növbədənkənar iclasını çağıracaq.

Sentyabrın 21-də Avropa İttifaqı ölkələrinin səfirləri Usmanov və Fridmana qarşı sanksiyaların heç bir üzv dövlətin buna etiraz etməməsi şərtilə ləğv edilməsinə dair razılığa gəliblər. Reuters agentliyi bu barədə avropalı diplomatlara istinadən məlumat yayıb.

Məlumata görə, Əlşer Usmanova qarşı sanksiyaların götürülməsini Slovakiya və Fransa dəstəkləyib. Mixail Fridmana tətbiq olunan məhdudiyyətlərin ləğvinə isə Slovakiya, Macarıstan və Lüksemburq tərəfdar çıxıb.

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının hazırkı müddəti sentyabrın 22-də gecə yarısı başa çatır. Onların uzadılması üçün Aİ-nin bütün 27 üzv dövlətinin yekdil qərarı tələb olunur.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*