Bakının Sabunçu rayonunda 36 yaşlı kişi arvadına xəsarət yetirib.
KONKRET.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Muxtarov qəsəbəsində baş verib. Şamaxı rayon sakini, 1990-cı il təvəllüdlü Alim həmin qəsəbədə nömrəsiz fərdi evin qonaq otağında qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Səlimə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, hadisə zamanı Səlimə ərinin ünvanına nalayiq ifadə işlədib. Bundan qəzəblənən 36 yaşlı kişi şillə ilə bir dəfə qadının ağız nahiyəsindən vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Alimə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Alim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə məlum olub ki, ər-arvadın arasında barışıq olub. Qadın ərinə qarşı şikayətçi olmadığını açıqlayıb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.//Demokrat.az
