Əmisinin 27 il əvvəl şəhid olduğu Füzulidə döyüşə atıldı, 3 gün sonra əlaqə kəsildibackend

Əmisinin 27 il əvvəl şəhid olduğu Füzulidə döyüşə atıldı, 3 gün sonra əlaqə kəsildi

Torpaq uğrunda, Vətən yolunda canından keçənlər ölmürlər,  əbədi olaraq ürəklərdə, yaddaşlarda yaşayırlar. Onların hər biri qəhrəmanlıq, rəşadət, mərdlik nümunəsidirlər. Belə igidlərdən biri də 19 yaşlı Nəcməddin Bədirovdur.  Döyüş yolu da, ömrü kimi qısa, yarımçıq qalan Nəcməddin…

Nəcməddin Bədirov 2001-ci ildə Tovuz rayonunun Düzqırıxlı kəndində anadan olub. 2007-ci ildə birinci sinfinə gedib. 2018-ci ildə Tovuz rayonu Düzqırıxlı kənd orta məktəbini bitirən Nəcməddin ötən ilin yanvarında həqiqi hərbi xidmətə yollanıb. Ağcabədi rayonundakı N saylı hərbi hissədə xidmət edib. Andiçmə mərasimindən  sonra Beyləqandakı N saylı hərbi hissədə xidmətini davam etdirib. Müharibə başlayan gün əsgər yoldaşları ilə birgə cəbhəyə yollanıb. Oktyabırın 10-da Füzuli rayonu, Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

… Nəcməddingil ailədə üç uşaq – iki bacı, bir qardaş olublar. Kasıb ailədə böyüyüb, valideynləri fəhləliklə, min bir əziyyətlə onları saxlayıb, boya-başa çatdırıb. Evin sonbeşiyi olub Nəcməddin. Anasına “əsgərlikdən qayıdandan sonra səni işləməyə qoymayacağam, özüm işləyib hamınıza baxacağam” deyirmiş…

Hərbi xidmət dövründə ailəsi ilə əlaqə saxlayanda nümunəvi  əsgər olduğuna görə üç dəfə tərifnamə aldığını, qayıdanda hamısını özüylə gətirəcəyini söyləyib.

Şəhid anası Qərənfil Bədirova virtualaz.org-a açıqlamasında “nə balam özü gəldi, nə də  tərifnamələrini özüylə gətirdi”- deyir.

Müharibəyə aparılan gün Nəcməddin anası ilə telefon əlaqəsi saxlayıb. Ona “bizi cəbhəyə aparırlar, mənə çoxlu dua eləyin” deyib.

Şəhid anası Vətən yolunda canını fəda edən 19 yaşlı balası ilə fəxr etdiyi bildirib: “Sentyabrın 28-də zəng vurub dedi ki, cəbhədəyəm, narahat olmayın. Dedi, ana, Allaha çoxlu-çoxlu dua elə. İki gün sonra yenidən zəng vurdu. Hamımızla danışdı. Mənə dedi ki, sən danış, qoy səsinə doyunca qulaq asım, həyatda ən çox sənə görə yaşayıram, heç nədən qorxma, oğlun qəhrəman olacaq. Mənim oğlum ağıllı uşaq olub. Balam fəxr ediləsi oğul idi. Elə dediyi kimi də oldu. Torpaq uğrunda canını verdi balam, qəhrəmanlıq göstərdi, ölümündən sonra oğluma medal da verdilər. Balamla fəxr edirəm”.

Ata-anasını, bacısı Ayselə əmanət eləyən Nəcməddin telefonda ona “mənə axıracan qulaq as, bizi müharibəyə apardılar, həyatdı, birdən sağ qayıtmasam, oğlun olsa mənim adımı qoyarsan, onunla fəxr eləyərsən. Qorxmayın, hər şey yaxşı olacaq, amma ürəyimə damıb ki, mən sağ  gəlməyəcəyəm. Ata-anamı, bacımı sənə, səni də Allaha əmanət edirəm ” deyib.

Sentyabrın 30-dan sonra Nəcməddinlə əlaqə saxlamaq mümkün olmayıb. Ailə üzvləri ondan heç cür xəbər tuta bilməyib. Bir müddət sonra ailəyə övladlarının itkin düşməsi barədə xəbər verilib. Noyabrın 23-də isə hərbi komissarlıqdan  Nəcməddinin  şəhid olduğu bildirilib. Ertəsi gün nəşi doğulduğu kəndə gətirilib və Düzqırıxlı kəndindəki məzarlıqda torpağa tapşırılıb.

P.S. 19 yaşlı bu gənc Bədirovlar ailəsinin ilk şəhidi deyil. Onun əmisi Polad Bədirov da Birinci Qarabağ müharibəsində  könüllü cəbhəyə yollanıb, Füzuli rayonun Şükürbəyli kəndində şəhid olub... (virtualaz.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*