Gebbelsin təbliğat planı necə iflasa uğradı: Çörək qarşısında sınmayan əsirlərbackend

Gebbelsin təbliğat planı necə iflasa uğradı: Çörək qarşısında sınmayan əsirlər

Hitler ordunun döyüş ruhunun yüksəldilməsi üçün tədbirlər görülməsini tapşırmışdı. Almaniyanın təbliğat naziri Yozef Gebbels isə bunun üçün düşməni alçaltmaq və aciz göstərmək qərarına gəldi.

Onun planına görə, sovet əsgərlərinin bir tikə çörək uğrunda bir-birini parçalayacaq vəziyyətə düşdüyünü göstərən qısa film çəkilməli idi.

Bəzi məlumatlara görə, tarixi çəkilişlər üçün Gebbelsin özü də hadisə yerinə gəlmişdi. Onun fikrincə, Moskva uğrunda həlledici döyüş ərəfəsində alman əsgərlərinin düşmüş döyüş ruhunu yüksəltmək lazım idi. Alman ordusu qısa müddətdə bir sıra Avropa ölkələrini işğal etdiyi halda, Smolenski ələ keçirdikdən sonra iki aydan artıq müddətdə Sovet İttifaqının dərinliklərində ilişib qalmışdı.

İddialara görə, çəkiliş üçün əsirlər arasından xarici görünüşü almanların irqi təsəvvürlərinə uyğun olmayan insanlar seçilmişdi. Məqsəd onları fiziki və mənəvi baxımdan tamamilə əldən salmaq, daha sonra isə ac heyvan sürüsü kimi bir tikə yeməyin üzərinə hücum etdiklərini lentə almaq idi.

Bir müddət sonra düşərgəyə yüksək rütbəli şəxslər, eləcə də Almaniyanın ən peşəkar kinooperator və rejissorlarından ibarət çəkiliş qrupu gəldi.

“Kamera, işıq, motor!”

Hasarın ətrafında hündürboy, sarışın və mavi gözlü alman əsgərləri düzülmüşdü. Qarşılarında isə aclıqdan və əzabdan taqətdən düşmüş sovet əsirləri dayanmışdı. Təbliğatçıların düşündüyü “kontrast” məhz belə görünməli idi.

Bu zaman bir avtomobil düşərgəyə yaxınlaşdı və yük yeri açıldı. Təzə bişmiş çörəyin ətri ətrafa yayıldı. Hətta tox olan alman əsgərlərinin belə bu qoxudan ağızları sulandı.

Planın kulminasiya nöqtəsi çörəyin kameraların qarşısında əsirlərin saxlanıldığı yerə atılması idi. Gebbelsin hazırladığı ssenariyə görə, yarıcan vəziyyətində olan insanlar çörəyə hücum etməli, hətta onun uğrunda bir-biri ilə savaşmalı idilər. Bu görüntülər alman əsgərlərinə göstərilməli və onlara belə bir mesaj verilməli idi: “Bu insanlara yazığınız gəlməməlidir. Onlar insan deyil”.

Lakin hər şey tamamilə başqa cür baş verdi.

Atılan çörək tikəsi hasarlanmış ərazinin ortasına düşdü. Ən kiçik yaşlı oğlan uşağı çörəyə yaxınlaşdı. Ətrafı ölüm sükutu bürüdü.

O, çörəyi ehtiyatla yerdən götürdü, üç dəfə öpdü, növbə ilə alnına toxunduraraq sanki müqəddəs bir əmanət kimi başının üzərinə qaldırdı. Sonra çörəyi ən yaşlı əsirə verdi.

Daha sonra özbək əsirlər dairə şəklində oturdular. Ayaqlarını şərq adətinə uyğun şəkildə bükərək çörəyi bir-birinə ötürməyə başladılar. Onlar çörəyi xırda tikələrə bölür, hər kəsə çatacaq şəkildə paylaşırdılar.

Hər biri öz payını əllərində bir qədər saxlayır, sonra gözlərini yumaraq sakitcə yeyirdi.

Və bu qəribə, lakin mənalı süfrənin sonunda bir ifadə səsləndi:

“Xudaya şükür”.

Almanlar isə qəzəbdən özlərindən çıxmışdılar.

Gebbelsin qurduğu təbliğat ssenarisi bir tikə çörəyin qarşısında darmadağın olmuşdu. Onun yaratmaq istədiyi vəhşilik mənzərəsinin əvəzinə əsirlərin həmrəyliyi, bir-birinə hörməti və çörəyə müqəddəs nemət kimi münasibəti ortaya çıxmışdı.

Bu hekayə müəllifin təqdim etdiyi formada, Gebbelsin təbliğat planının insan ləyaqəti qarşısında iflasa uğramasının simvolik nümunəsi kimi təsvir olunur.

Ağagül Mürsəlov
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*