“ShinyHunters” haker qrupunun ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) bazasına daxil olaraq minlərlə hazırkı və keçmiş agentin, eləcə də qurumda işləmək üçün müraciət edən şəxslərin məlumatlarını oğurladığı iddia olunur.
Hakerlərin açıqlamasına görə, onların əlinə FTB-nin hazırkı və keçmiş əməkdaşlarının böyük hissəsinə, həmçinin işə qəbul üçün müraciət etmiş şəxslərə dair məlumatlar keçib.
“ShinyHunters” iddialarını təsdiqləmək üçün FTB-nin əməkdaş axtarışı ilə bağlı FBIjobs.gov saytının hakerlər tərəfindən dəyişdirilmiş görüntüsünü və təxminən 5 min agentə aid məlumatları yayıb. Qrupun bildirdiyinə görə, bu məlumatlar oğurlanan informasiyanın yalnız bir hissəsidir.
Məlumat nümunələri arasında FTB agentlərinin adları, ev ünvanları, sosial sığorta nömrələri, vəzifələri, bəzi hallarda isə ailə üzvlərinin adları yer alır.
“Reuters” əldə olunan məlumatların bir hissəsinin həqiqiliyini kredit bürolarının məlumatları və daha əvvəl oğurlanmış informasiyalarla müqayisə etməklə qismən təsdiqləyə bilib.
Hakerlər “darknet”də yayımladıqları açıqlamada və “Reuters” jurnalistləri ilə yazışmalarında hücuma səbəb kimi FTB-nin 2026-cı ilin mayında “ShinyHunters” qrupunun fəaliyyət metodlarını açıqlayan və zərərçəkənlərə hakerlərə fidyə ödəməməyi tövsiyə edən məlumatını göstəriblər.
“ShinyHunters” dünyanın ən tanınmış haker qruplarından biri hesab olunur. Qrupun son dövrlərdə həyata keçirdiyi hücumlar arasında “Grand Theft Auto” oyun seriyasının yaradıcısı “Rockstar Games” şirkətinə aid milyonlarla biznes qeydinin oğurlanması ilə bağlı iddia, həmçinin ABŞ məktəblərində genişmiqyaslı problemlərə səbəb olan “Canvas” təhsil platformasına hücum da var.
Qeyd edək ki, FTB-yə aid məlumatların kütləvi şəkildə oğurlanması ilə bağlı iddiaların bütün detalları hələ müstəqil şəkildə təsdiqlənməyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
