İnsan orqanizmi üçün fiziki hərəkətlə yanaşı, psixoloji məşğulluq da vacibdir. Fiziki fəaliyyət bədəni, zehni məşğulluq isə düşüncələri sağlam vəziyyətdə saxlamağa kömək edir.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov KONKRET.az-a açıqlamasında payız fəslinin insanın psixoloji vəziyyətinə təsirindən danışıb.

Mütəxəssis bildirib ki, payızda havaların soyuması və gün işığının azalması yuxu ritminə, enerji səviyyəsinə və gündəlik fəaliyyətə təsir göstərə bilər. Yaydan payıza keçid həm də insanların gündəlik rejimində müəyyən dəyişikliklər yaradır.
“İnsan bu dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkəndə yorğunluq, yuxululuq, motivasiyanın azalması və sosial fəaliyyətdən uzaqlaşma arta bilər. Bu dövrdə insan həyatını mövsümün dəyişməsinə təslim etməməlidir.
Fiziki aktivlik, gündəlik rejimin qorunması, sosial münasibətlərin davam etdirilməsi, açıq havada vaxt keçirmək və gün işığından mümkün qədər faydalanmaq psixoloji sağlamlığın qorunmasına kömək edir. İnsan yalnız hisslərinə əsaslanaraq hərəkət etməməli, gündəlik fəaliyyətlərini də davam etdirməlidir. Çünki fiziki hərəkətlilik azaldıqca psixoloji passivlik də dərinləşə bilər”, – deyə R.Nəcəfov vurğulayıb.
Psixoterapevt qeyd edib ki, yorğunluq, motivasiya itkisi, yuxu və iştah dəyişiklikləri, ümidsizlik, eləcə də gündəlik fəaliyyətlərə marağın azalması davamlı xarakter alırsa, bunu yalnız payızın təsiri kimi qiymətləndirmək olmaz.
“Bu əlamətlər mövsümi affektiv pozuntu və ya digər psixoloji problemlərlə əlaqəli ola bilər. Belə hallarda psixi sağlamlıq mütəxəssisinə müraciət etmək vacibdir.
Fəsil insanın həyat ritmini dəyişə bilər, amma insanın həyatını dayandırmamalıdır”, – deyə R.Nəcəfov əlavə edib.
Aynurə İsmayıl,
KONKRET.az
