Ən REAL SSENARİ: İran–ABŞ gərginliyi və Ukrayna savaşı nə vaxt bitəcək?backend

Ən REAL SSENARİ: İran–ABŞ gərginliyi və Ukrayna savaşı nə vaxt bitəcək?

Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq dörd ildən çoxdur davam edir və tərəflərin hərbi, siyasi və iqtisadi resursları hələ də tükənməyib. Digər tərəfdən, Yaxın Şərqdə İran–ABŞ qarşıdurmasının yenidən alovlanması qlobal təhlükəsizlik gündəmini dəyişdirib, enerji bazarlarına və beynəlxalq münasibətlərə ciddi təsir göstərib.

Bəs geosiyasi maraqların toqquşduğu bu iki böyük qarşıdurma nə qədər davam edə bilər və onların başa çatması üçün hansı şərtlər lazımdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, həm Rusiya–Ukrayna müharibəsi, həm də İran–ABŞ qarşıdurması klassik hərbi münaqişələrdən fərqlənir və onların taleyi təkcə döyüş meydanında deyil, qlobal güclərin siyasi qərarlarından da asılıdır.

CROSSMEDIA - Rusiyanın Paşinyanın qalib gəlməsinə reaksiyası gecikmədi:  Təzyiqlərin əsas məqsədi məlum oldu

Onun sözlərinə görə, Rusiya–Ukrayna müharibəsinin yaxın aylarda tam başa çatacağı gözlənilmir:

“Bu müharibə artıq regional çərçivəni aşaraq böyük güclərin geosiyasi rəqabət meydanına çevrilib. Tərəflərdən heç biri hələlik strateji məqsədlərindən geri çəkilməyə hazır görünmür. Mövcud vəziyyət göstərir ki, qarşıdurma ən azı 2027-ci ilə qədər müxtəlif intensivliklə davam edə bilər. Hətta atəşkəs əldə olunsa belə, bu, münaqişənin tam həlli anlamına gəlməyəcək.”

Politoloq qeyd edib ki, İran–ABŞ qarşıdurmasının müddəti isə regiondakı və beynəlxalq diplomatiyadakı proseslərdən asılı olacaq:

“İran və ABŞ arasında birbaşa genişmiqyaslı müharibə hər iki tərəf üçün ciddi iqtisadi və siyasi risklər yaradır. Buna görə də tərəflər müəyyən mərhələlərdə hərbi təzyiqi artırsa da, paralel şəkildə diplomatik kanalları da açıq saxlayırlar. Son aylarda aparılan danışıqlar göstərir ki, gərginlik uzunmüddətli ola bilər, lakin tammiqyaslı müharibənin illərlə davam etməsi ehtimalı daha aşağıdır.

Yaxın Şərqdəki gərginlik neft qiymətlərinin yüksəlməsinə səbəb olur, Ukrayna müharibəsi isə qlobal logistika və ərzaq təhlükəsizliyinə təsir göstərir. Bu səbəbdən beynəlxalq aktorlar hər iki cəbhədə siyasi həll variantlarını sürətləndirməyə çalışırlar. Ancaq hazırkı şərtlər altında nə Ukrayna cəbhəsində, nə də İran ətrafında tam sabitlikdən danışmaq mümkündür.”

Politoloqun fikrincə, ən real ssenari yaxın illərdə bu qarşıdurmaların müxtəlif intensivliklə davam etməsi və tam sülh sazişlərinin isə daha uzun müddət tələb etməsidir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*