Almaniya imperiyasının ilk kansleri Otto fon Bismarkın uzaq qohumu olan 75 yaşlı Aleksandr fon Bismark 2026-cı il noyabrın 4-də Kremldə Rusiya Prezidenti tərəfindən Puşkin medalı ilə təltif edilib.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyasının bu dövlət mükafatı, o cümlədən “mədəniyyətlərin, millətlərin və xalqların yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə verdiyi böyük töhfəyə görə” təqdim olunur.
Mükafatlandırma mərasimində çıxış edən Aleksandr fon Bismark təşəkkür nitqində tez-tez “dəmir kansler” Otto fon Bismarka aid edilən bir ifadədən sitat gətirib: “Almaniya ilə Rusiya dostluq edəndə Avropa rahat olur”.
Lakin Otto fon Bismarkın çıxışlarını, sənədlərini, məktublarını və xatirələrini araşdıran tarixçilərin və tədqiqatçıların məlumatına görə, bu ifadəyə onun heç bir əsərində rast gəlinmir. Həmin fikrin başqa variantı – “Almaniya ilə Rusiyanın münasibətləri yaxşı olanda Avropada sülh hökm sürür” – Bismarkın irsində yer almır.
Buna baxmayaraq, Rusiyanın dövlət mediası bu ifadəni dərhal gündəmə gətirib.
Aleksandr fon Bismark Almaniyada Moskva ilə sıx əlaqələrinə görə dəfələrlə tənqid olunub. 2023-cü ildə Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən Almaniya-Rusiya vətəndaş cəmiyyətləri forumu olan “Peterburq dialoqu” fəaliyyətini dayandırdıqdan sonra o, alternativ platforma – “Bismark dialoqu” Rusiya-Almaniya forumunu yaradıb.
Aleksandr fon Bismark 1951-ci ildə Almaniyanın Şlezviq-Holşteyn federal torpağının Reyn bek şəhərində anadan olub.
Açıq mənbələrdəki məlumatlara əsasən, Otto və Aleksandr fon Bismark eyni nəslin müxtəlif qollarına mənsubdurlar. Lakin onların ortaq əcdadı Otto fon Bismarkdan bir neçə əsr əvvəl yaşayıb. Bu isə o deməkdir ki, Aleksandr fon Bismark “dəmir kansler” birbaşa nəsil davamçısı deyil.
Natiq Səlim,
KONKRET.az
