Merilin Monro ölümündən yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, hələ də əfsanə olaraq qalır.
Nikahdankənar dünyaya gələn, anasını psixiatriya xəstəxanasında itirən Merilinin bədbəxt uşaqlıq keçirdiyi məlumdur. O, uşaqlıq illərini himayə evlərində, özünü heç kimə lazım olmayan bir əşya kimi hiss edərək yaşayıb. Bütün ömrü boyu bu ağrılı keçmişin izlərindən xilas olmağa çalışıb.
Rabiəni isə Diyarbəkirdə bir tayfa başçısı olan Hacı Hüseynin qızı olmasına baxmayaraq, ailə çevrəsindən kənarda demək olar ki, heç kim tanımırdı.
Merilindən fərqli olaraq, Rabiə ailəsinin əhatəsində xoşbəxt uşaqlıq keçirmişdi. Beş bacı-qardaşın ən kiçiyi və ən gözəli idi. Ailədə onun sözü yerə düşməzdi.
Bu iki qadından Hollivud ulduzu olan Merilin gənc yaşlarından şöhrətin zirvəsinə yüksəlmiş, ağlasığmaz populyarlıq və sərvət qazanmışdı. İstədiyi kişi ilə münasibət qurmuş, fırtınalı sevgi macəraları yaşamışdı.
Rabiə isə yeniyetməlik yaşına çatanda, dövrün adət-ənənələrinə uyğun olaraq, başlıq pulu müqabilində Səfərə gəlin verilmişdi.
Merilin üç dəfə ailə qurub çoxsaylı kişilərlə münasibət yaşadığı halda, Rabiə bütün varlığını həyat yoldaşı Səfərə həsr etmiş, həmin gündən etibarən taleyinə itaətlə boyun əymişdi.
Bir müddət sonra Səfər qərara gəlir ki, ömrünü yoxsulluq içində keçirmək istəmir. Rabiəni bir neçə ildən sonra Almaniyadan varlı adam kimi qayıdacağına inandıraraq bu ölkəyə yollanır və avtomobil sənayesində fəhlə kimi işləməyə başlayır. Rabiə isə qayınanası və iki uşağı ilə birlikdə ağrı-acı dolu günləri saymağa başlayır.
Merilin geniş salonlarda onlarla kişinin iltifatları qarşısında şux qəhqəhələr çəkərkən, Rabiə acıdil qayınanasının nəzarəti altında hər gün ağlamağa məhkum edilmişdi.
Rabiə evinin pərdələrini belə aça bilməzdi. Həyət qapısının qarşısını süpürməsinə də icazə verilmirdi ki, guya başqa kişilərə baxmasın. Qayınanası və qayınları Səfərin namusunu “qorumaq” üçün Rabiəni bir neçə gündən bir şillələməyi də adətə çevirmişdilər.
Bütün qəzetlər Merilinin “narsisist” olduğunu yazarkən, Rabiənin öz iradəsi və seçimi olmadan Diyarbəkirin kənar məhəllələrində “mazoxist” bir həyata məhkum edildiyini heç kim bilmirdi…
Üç il sonra qayıdacağına söz verərək Almaniyaya gedən Səfər isə hər il cəmi 15-20 günlük məzuniyyətə gələ bilirdi. Rabiənin bütün giley-güzarına baxmayaraq, “iki mənzil və bir çörək sobası almağa pul yığmadan Diyarbəkirə qayıda bilməyəcəyini” söyləyir, ona yalnız səbirli olmağı məsləhət görürdü.
Merilin fırtınalı həyatının yaratdığı psixoloji sarsıntılar səbəbindən müalicə almağa başladığı vaxtlarda Rabiə qayınanası və iki uşağı ilə dörd divar arasında solğun, səssiz və boğucu bir həyat sürürdü. İllər keçdikcə onun psixoloji vəziyyəti daha da ağırlaşırdı.
Onu müalicə etdirən də yox idi. Beləcə, on uzun il ötüb keçdi. Nəhayət, Səfər iki mənzil və bir çörək sobası almağa yetəcək qədər pul toplayaraq Almaniyadan qayıtdı.
Qayınanası və qayınları öz vəzifələrini “yerinə yetirmişdilər”: tam on il ərzində Rabiənin yanına yad bir kişinin, hətta erkək milçəyin belə yaxınlaşmasına imkan verməmişdilər. Onlar Rabiənin bədənini Səfərə məxsus bir əmanət kimi qorumuşdular. Ancaq bədəni qorunan Rabiənin ruhu illərlə yaşadığı iztirablar, tənhalıq və intihar düşüncələri içində artıq parça-parça olmuşdu.
Merilin ətrafında şöhrətinə və puluna görə dolaşan yüzlərlə insanın hansının həqiqi dost, hansının sevgili olduğunu izdihamın içində ayırd edə bilmədiyi üçün psixoloji yardım alırdı. Rabiə isə on il davam edən tənhalıq içində yalnız Səfərin adını sayıqlayır, getdikcə reallıq hissini itirirdi.
Merilin Sent-Ekzüperi və Dostoyevskini oxuyur, Artur Millerlə münasibət yaşayırdı. İbtidai təhsilli Rabiə isə Səfəri gözlədiyi uzun, darıxdırıcı günlərdə uşaqlarının nağıl kitablarını oxuyurdu. Radio verilişlərindən, xəbərlərdən Napoleonun, Qorbaçovun kim olduğunu öyrənirdi.
İllər sonra Diyarbəkirə qayıdan Səfər artıq Rabiəni tanıya bilmirdi. Çünki Rabiə hər səhər Napoleon Bonapartın salamını Qorbaçova çatdırmaq üçün evdən çıxır, Səfərin Almaniyadan gətirdiyi keçə papağı başına qoyur, dodağının kənarına siqaret qıfır və xəyalında yaratdığı ordulara özünəməxsus əmrlər verirdi.
Bəlkə də o, özünü həmişə arzuladığı azadlığın qucağına belə atırdı. Artıq şüuru özünə tabe deyildi…
Rabiəni bir müddət müşahidə etdikdən sonra Səfər anasına bildirir ki, Rabiə artıq ona həyat yoldaşı ola bilməz. Buna görə də onun üçün yeni evlilik namizədi tapılmasını istəyir. Başlıq pulu artıqlaması ilə ödənilir və 45 yaşlı Səfərə ətraf kəndlərdən 17 yaşlı, incə və gənc bir qız tapılır.
Rabiə isə artıq 37 yaşına çatmış, illərlə evdən çıxmadığı üçün xeyli kökəlmiş, ruhi xəstə bir qadın idi.
Səfər Rabiə və uşaqları üçün kiçik bir otaq kirayələyir, özü isə gənc həyat yoldaşı ilə birlikdə təzə aldığı mənzilə köçür.
Rabiəni evdə bağlamaq da çarə olmur. O, qaldığı evin divarları arasında olan hər şeyi dağıdır, sonra küçələrə qaçırdı.
Artıq Rabiəni Diyarbəkirin müxtəlif məhəllələrində gah Napoleonun əsgərlərinə əmrlər verərkən, gah da yol kənarında, səkilərdə oturub təkbaşına ağlayarkən görmək mümkün idi. Əri Səfərə artıq heç bir faydası olmayan Rabiənin ləyaqəti, insanlıq qüruru və dəliliyə çevrilmiş tənhalığı nə qayınanasını, nə də qayınlarını maraqlandırırdı.
Bir axşam Rabiə Diyarbəkirin Dağkapı məhəlləsində, xəstəxananın yaxınlığındakı hərbi qərargahın ətrafında dolaşarkən qəribə bir xəyal qurur. Ona elə gəlir ki, qırmızı papaqlı qız nənə paltarına girmiş canavar tərəfindən yeyilmək üzrədir. Qızın daxması isə hərbi qərargahın içərisindəki qaranlıq ərazidə yerləşir.
Rabiə arxasınca gəldiyinə inandığı Napoleonun əsgərlərinə əmr verir və qırmızı papaqlı qızı xilas etmək üçün tikanlı məftillərlə əhatələnmiş qadağan olunmuş əraziyə daxil olur.
Həmin gecə növbətçi əsgərə verilən əmr aydın idi: qərargaha parolsuz daxil olmağa çalışan şəxsə atəş açılmalı idi.
Əsgər xəbərdarlıq edir, qışqırır. Ancaq qırmızı papaqlı qızı xilas etməyə gedən Rabiə həmin an heç nə eşitmir…
Növbətçi əsgərin əvvəlcə bir, sonra isə ikinci gülləsi Rabiənin bədəninə dəyir. O, vurulub yerə yıxılarkən belə Napoleonun əsgərlərinə əmrlər verməyə davam edir.
Lüləsindən hələ də tüstü çıxan əsgər Rabiənin mızıldandıqlarından heç nə anlamır. Onun haqqında bildiyi yeganə şey qadının “Dayan!” xəbərdarlığına tabe olmamasıdır.
Siyasi gərginliyin son dərəcə yüksək olduğu həmin günlərdə fövqəladə vəziyyət rejiminin hökm sürdüyü Diyarbəkirdə kazarma növbəsində dayanan əsgər, öz düşüncəsinə görə, ona verilmiş “əmri yerinə yetirmişdi”.
Rabiə ertəsi gün sahibsizlər qəbiristanlığında dəfn edilir. Həmin il bəzi insan hüquqları təşkilatlarının və qurumlarının illik hesabatlarında onun adı Cənub-Şərqi Anadoluda baş vermiş “məhkəməsiz edamlar” siyahısında çəkilir.
Halbuki Rabiənin ölümü deyil, bütün həyatı bir məhkəməsiz edam idi…
Bu iki əfsanəvi qadın illərdir qəlbimdə yaşayır və hələ də oradan getmirlər. Çünki Merilin mənim yeganə platonik eşqim, Rabiə isə doğma xalam idi…
Əziz Merilin, Cemal Süreyyanın dediyi kimi, “indi Cəhənnəmdə Nitsşenin məşuqəsi olmalıdır”. Anamın qara gözlü bacısı Rabiə isə bəlkə də Cənnətdə belə hələ də Səfərin adını sayıqlayır…
Müəllif: Yılmaz Odabaşı
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az
