Türkiyə müxalifətinin seçkilərə hansı namizədlə gedəcəyi bəlli olub. Çoxlarının gözlədiyi kimi bu, CHP lideri kamal Kılıçdaroğludur. Hələ rəsmən bəyan edilməsə də, “altılıq masası” məhz onun namizədliyi üzərində seçim edib. Belə olan halda seçkidə kimin qalib gələcəyi sual doğurur. Bəs görəsən ekspertlər Kılıçdaroğlu ilə rəqabətdə Ərdoğanın şanslarını necə dəyərləndirirlər?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, “altılıq masası”nın namizədi ilə bağlı müxtəlif spekulyasiyalar var idi: “Amma dəqiq hansı namizədin üzərində dayanacaqları bəlli deyildi. Nəhayət, dünən Türkiyə müxalifətinin seçkiyə hansı namizədlə gedəcəyi ilə bağlı fikirlər səsləndirilməyə başlandı. Bu namizədin isə Kamal Kılıçdaroğlu olduğu açıqlandı. Əslində müxalifətdə İmamoğlunun, Mansur Yavaşın və digərlərinin də adı hallanırdı. Hətta müəyyən bir dönəmlərdə Əli Babacanın da ayrıca namizədliyini vermək məsələsi gündəmdə idi. Eyni zamanda aparılan müzakirələr tərəflərin ortaq məxrəcə gələ bilmədiklərini deməyə əsas verirdi. Hətta Meral Akşener belə Kılıçdaroğlunun namizədliyini dəstəkləmirdi. Amma son nəticə odur ki, Kılıçdaroğlu seçkiyə gedir. Düşünürəm ki, bu, Ərdoğanın əlini gücləndirən amildir. Çünki Kılıçdaroğlunun birbaşa seçkiyə namizəd olması, Ərdoğanın qalib gəlməsini asanlaşdıracaq. Məsələn, İmamoğlu və ya Mansur Yavaş namizəd olsaydı, burada gərginlik arta və seçkidə daha ciddi rəqabət ola bilərdi. Çünki Kılıçdaroğludan fərqli olaraq Mansur Yavaş və İmamoğlunun CHP daxilindəki nüfuzu çoxdur. Baxmayaraq ki, sədr Kılıçdaroğludur. Düşünürəm ki, təsdiq olunan qərar qüvvədə qalsa, o zaman Ərdoğanın qalib gəlmə şansı artacaq. Böyük ehtimalla birinci turda məsələ həll olunacaq. Amma forsmajor vəziyyət yaransa və ikinci tura ehtiyac qalsa, o zaman Ərdoğanın əli daha da möhkəmlənəcək”.
![]()
Politoloq əlavə edib ki, Ərdoğan “Cümhur İttifaqı”nın namizədidir və ona MHP-nin də dəstəyi böyükdür: “Hətta keçmiş baş nazir Tansu Çillərdən də Ərdoğana dəstək var. Ümumiyyətlə, keçmiş siyasətçilərin bir çoxu önun ətrafında birləşib. Bu baxımdan hesab edirəm ki, seçkilərdə AK partiyanın qalib gəlməsi real olacaq. Səslər ən azı 51-52 faiz üzərində oynaya bilər. Eyni zamanda parlamentdə də səs çoxluğunun yenə “MHP” və “AKP” ittifaqında olması ehtimalı böyükdür. Doğrudur, bəzi analitiklər və beyin mərkəzləri Türkiyədəki zəlzələnin bu seçkiyə təsir edəcəyini bildirirlər. Amma baş verənlər təbii prosesdir və bu, AKP hökuməti tərəfindən törədilməyib. Ona görə də düşünürəm ki, 14 may Prezident və parlament seçkilərində “Cümhur İttifaqı”nın qalib gəlmək şansları çoxdur”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
