Türkiyədə baş verən dəhşətli zəlzələnin bir çox sahələrə ciddi təsir göstərəcəyi qaçılmazdır. Amma mütəxəssislər ən çox turizm sektorunun ziyan görəcəyi ilə bağlı fikirlər səsləndirirlər. Buna səbəb qardaş ölkənin əsasən turizm potensialı ilə zəngin olması və sözügedən sektordan böyük gəlirlər götürməsidir. Bəs görəsən baş verən təbii fəlakət nəticəsində yaranan dağıntılar Türkiyənin turizm sektorunda hansı fəsadlar yaradacaq. Ümumiyyətlə qardaş ölkədən Azərbaycana gələn ziyarətçilərin sayında azalma ola bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən turizm eksperti Ruslan Quliyev bildirib ki, Türkiyədə baş verən zəlzələnin miqyası çox böyük olduğundan bunu “əsrin faciəsi” adlandırmaq olar: “Müxtəlif təbii fəlakətlər, hadisələr və epidemiyalar turizm sahəsini tez bir zamanda öz təsiri altına alır. Çünki turizm çox həssas sahədir. Amma mərhələli şəkildə bərpa prosesinin həyata keçirilməsi də mümkündür. Təbii ki, bu hadisənin turizm sektoruna təsiri çox böyükdür. Avtoşokların hələ də qeydə alınması insanlarda zəlzələnin davamının olacağı ilə bağlı təəssüratlar yaradır. Eyni zamanda Aralıq dənizi hövzəsi aktiv seysmik zona kimi dəyərləndirilir. Bundan başqa logistika və digər kommunikasiya məsələlərində də ciddi problemlər var. Eləcə də orada yaşayan insanların turistik bölgələrdəki mehmanxanalara təxliyyəsi də həyata keçirilə bilər. Ümumiyyətlə ilin sonuna qədər Türkiyə iqtisadiyyatının 1-2 faiz azalacağı proqnozlaşdırılır. Ona görə də insanlar hələ gözləmə mövqeyindədirlər. Bütün bunlara görə, hansısa erkən rezervasiyaların ləğv olunması prosesi gündəmdə ola bilər. Hər bir halda zəlzələ Türkiyənin turizm sektoruna təsirsiz ötüşməyəcək və azalmalar müşahidə olunacaq.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva isə saytımıza açıqlamasında Türkiyədə baş verən zəlzələnin qardaş ölkədən Azərbaycana gələn ziyarətçilərin sayına təsir göstərəcəyini bildirib: “Azərbaycana ötən il 1 602 600 nəfər xarici ziyarətçi gəlib ki, bu da 2021-ci illə müqayisədə 103 faiz artım deməkdir. Sıralamada Türkiyədən gələn ziyarətçilər 311 880 nəfərlə 2-ci yerdə dayanır. Bu ilin yanvar ayında isə 119 094 nəfər ölkəyə gəlib ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 61 faiz artım deməkdir. Türkiyə yanvar ayı üzrə də 25 109 nəfərlə 2-ci yerdə qərarlaşıb. Təbii ki, baş verənlərin Türkiyədən gələn ziyarətçilərin sayına təsir etmə ehtimalı olsa da, ümumi rəqəmlərdə kəskin dəyişiklik gözlənilmir. 2023-cü il üçün Azərbaycana gələn xarici vətəndaşların sayının 2022-ci illə müqayisədə 20 faiz artacağı proqnozlaşdırılır”.

Müşviq Tofiqoğlu,
KONKRET.az
