“NEWS.am” nəşrinə müsahibə verən erməni polittexnoloq Armen Badalyan Ermənistanın baş naziri Nikol Paşinyanın Bişkekə səfərini və Rusiya prezidenti Vladimir Putinlə görüşünü şərh edərək səfərin tamamilə uğursuz keçdiyini bildirib.
KONKRET.az xəbər verir ki, ekspertin qiymətləndirməsinə görə, Paşinyanın yalnız Azərbaycan və Rusiya prezidentləri ilə tamformatlı görüşləri baş tutub, digərləri ilə isə danışıqlar qısa formatda (“ayaqüstü”) keçib.
Badalyan hesab edir ki, Putinlə görüş də uğursuz nəticələnib, çünki Rusiya tərəfindən Ermənistana qarşı tətbiq edilən iqtisadi sanksiyalar ləğv olunmayıb və Putin Paşinyandan yenidən referendum tələb edib.
Polittexnoloqun sözlərinə görə, Ermənistanın Aİ-yə daxil olmaqla bağlı qanun qəbul etməsi onu Aİİ çərçivəsində etibarsız tərəfdaş edir: “Əgər sən Aİ-yə qoşulmaq haqqında qanun qəbul etmisənsə, demək artıq Aİİ-dən çıxmağa hazırsan. Heç kim ortaq investisiya layihələrinə sərmayə qoymaq istəməyəcək, çünki gec-tez hər şeyin sıfıra endiriləcəyini başa düşürlər”.
Rəsmiyyə Şərifova
KONKRET.az
