“Ermənilərin Baydenin çıxışından əvvəl hazırladığı çirkin plan…” – Müsahibəbackend

“Ermənilərin Baydenin çıxışından əvvəl hazırladığı çirkin plan…” – Müsahibə

“Bəzi dairələr və ya dövlətlərdən Ermənistana dəstəyin verildiyini görürük. Bu siyasi dəstəkdən daha çox, həmin ölkələrin hökumətlərinə təsir edən iqtisadi lobbi qruplarının dəstəyidir. Fransanın ənənəvi ermənipərəst mövqeyi belə, dediyim həmin iqtisadi lobbilərin təsir rıçaqlarına əsaslanır”.

KONKRET.az politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edir:

– İllərdir tərpənməz qalan Ermənistan-Azərbaycan münaqişəsini yerindən oynadan əsas amillər hansılardır?

– Son illərin bölgədə formalaşan geosiyasi və geoiqtisadi reallığında Cənubi Qafqazda təhlükəsizlik məsələsi qlobal anlamda ön plana çıxdı. Bölgədə təhlükəsizliyin təmin edilməsi isə Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. İstər Qərbdən Şərqdə, istərsə də Şimaldan Cənuba keçid olan Cənubi Qafqazın nəqliyyat, iqtisadi və digər imkanları bu konflikt üzərindən qiymətləndirildi. Bu konfliktə görə, regionlararası daşınmalar, əlaqələr İran və ya Rusiya, yəni o qədər də sabit olmayan xətlər üzərindən həyata keçirilirdi. Son illərdə bu daşınmaların, xüsusən də enerji resurslarının tranzitinin o qədər də təhlükəsiz olmayan yerlərdən reallaşdırılması dünya birliyini, Avropa İttifaqını bir faktı anlamağa sövq etdi. Bu da ondan ibarətdir ki, daha rahat, qısa və daha təhlükəsiz bir yol var – bu yol Azərbaycandan keçir. İqtisadi və vaxt itkisinin qarşısını almaq üçün bu yolun, yəni Azərbaycanın təhlükəsizliyini və sabitliyini təmin etmək lazım idi. Bunun üçün də Dağlıq Qarabağ məsələsini həll etmək lazımdır.

Əlbəttə, bu reallıq dərhal yaranmadı. Burada son 15 ildə Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi layihələrin həyata keçirilməsində təşəbbüskar rolu böyük ölçüyə malikdir. Bu kimi amillər Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması və ya Dağlıq Qarabağ münaqişəsinin reallaşmasını zərurətə çevirdi.

– Habelə Qarabağ üzərindən keçən qeyri-leqal xətlər…

– Cənubi Qafqaz dünyanın yarımkürələri arasında keçid dəhlizidir. Burada əsas, yaxud aralıq koridor isə Azərbaycandan keçir. Bu baxımdan, Azərbaycanda təhlükəsizliyin təmini və qorunması regiondan keçən beynəlxalq xətlərin və daşınmaların təhlükəsizliyi baxımından, qlobal önəm kəsb edirdi. Belə bir həssas regionda, coğrafiyada qeyri-leqal daşınmalar həyata keçirilirdi, bu kanallar da Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi üzərindən uzanırdı. Bu nəzarətsiz kanallar vasitəsilə Avropaya narkotik daşınırdı. Yaxın Şərqdən Avropaya uzanan çirkli kanallar da Qarabağdan keçirdi. Həmin kanalların qarşısının alınması üçün Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli qlobal məna kəsb etməyə başladı.

– Bəs bölgədə təhlükəsizliyin təmin olunmasından maraqlı kimi görünən həmin dövlətlərdən Ermənistana dəstəyin verilməsini necə izah edə bilərik?

– Bəzi dairələr və ya dövlətlərdən Ermənistana dəstəyin verildiyini görürük. Bu, siyasi dəstəkdən daha çox, həmin ölkələrin hökumətlərinə təsir edən iqtisadi lobbi qruplarının dəstəyidir. Fransanın ənənəvi ermənipərəst mövqeyi belə, dediyim həmin iqtisadi lobbilərin təsir rıçaqlarına əsaslanır. 1990-cı illərdən Yaxın Şərqdən Avropaya narkotik daşınmalarına erməni-kürd qruplaşmaları nəzarət edirdi. Həmin daşınmalar isə təhlükəsiz formada Dağlıq Qarabağ ərazisindən keçirdi. Çünki həmin ərazilərə nəzarət yox idi. Hər cür daşınmalar buradan reallaşdırılırdı. Bunun qarşısının alınması və beynəlxalq enerji və nəqliyyat xətlərinin keçdiyi Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması üçün Dağlıq Qarabağ məsələsinin həlli vacib idi. Bu, Avropa İttifaqı və ABŞ-la yanaşı, Rusiya üçün də önəmlidir.

– Bəs dünya birliyi, sadaladığınız dövlətlər Azərbaycanın öz ərazilərini azad etməsindən sonra yaranan reallığı qəbul edəcəkmi? Halbuki ən ədalətli reallıq da elə budur…

– Birmənalı şəkildə qəbul edəcəklər. Məsələn, 2018-ci ildən başlayaraq, Avropa İttifaqından Azərbaycanın mövqeyinin dəstəklənməsi özünü büruzə verməyə başlayıb. Bütün dünyada siyasi prosesləri həmişə media formalaşdırıb. Bu, bizdə də belədir, Avropada da, ABŞ-da da. Amma mediaya təsir edən erməni lobbisi Avropanın komissiyalarına təsir edə bilmir. Əməliyyatların başlamasından keçən bir ay ərzində biz həmin komissiyalardan Azərbaycanın əleyhinə bir səs belə eşitməmişik. Çünki öz ərazilərimizi azad etmək, onların Cənubi Qafqaz siyasətinə uyğundur, biz də bunu həyata keçiririk.

Hesab edirəm ki, ərazilərin azad edilməsindən sonra başlayacaq sülhyaratma prosesində Avropa İttifaqı bizim yanımızda olacaq və olmalıdır. Azərbaycan Prezidenti də bildirdi ki, əslində bu işğala son qoymaqla bütün region dəyişəcək. Digər yandan, Azərbaycan Ordusu bu əməliyyatları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində aparır.

– ABŞ-ın mövqeyi necə ola bilər?

– Prezidentliyə namizəd Co Bayden maraqlarımıza uyğun olmayan fikirlər səsləndirdi. Amma bu, heç nəyi dəyişmir. Çünki ABŞ-da son sözü deyən şəxs, hazırkı Prezident Donald Trampdır. Bir tərəfdə Azərbaycanın maraqlarını anlayan, prosesləri daha dərindən izləyib qərar verə bilən Tramp, bir tərəfdə də nə proseslərə təsir edə bilən, nə də buna təşəbbüs göstərmək qabiliyyəti olan Co Bayden var. İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Avropada mülki əhaliyə qarşı kasetli bombalardan istifadə edildiyi ərəfədə həmin Bayden insanlıq adına utanc olan bir ermənipərəst açıqlama verdi. Bu, onun prosesləri hansı dərəcədə qiymətləndirməsinin sübutudur. Hər halda erməni lobbisi bilirdi ki, Co Bayden belə bir çıxış edəcək, Bərdədə bu cinayət həmin ərəfədə törədildi. Bu proseslər bir-birinə bağlıdır.

Hesab edirəm ki, prezidenti Co Bayden olsa belə, ABŞ-ın Cənubi Qafqazdakı maraqlarını qorumaqdan başqa yolu yoxdur. Yəni öz siyasi və iqtisadi maraqlarını ermənilərə qurban verməyəcək. Bu o deməkdir ki, ABŞ da Cənubi Qafqaz siyasətində Azərbaycanı dəstəkləyəcək.

– Qeyd etdiyiniz kimi, torpaqlarımızı işğaldan azad edirik. Bəs bundan sonra nə baş verəcək?

– İşğal başa çatdıqdan sonra sülh üçün bünövrə yaradılmalıdır. Bütün müharibələr sülhlə yekunlaşır. Bunu da ATƏT-in Minsk Qrupu etməlidir. Nəhayət ki, Minsk Qrupu bir işə yaramalıdır. Minsk Qrupu bununla ATƏT coğrafiyasında heç olmasa, bir konfliktin həllində uğurlu presedent əldə edəcək. ATƏT-in Azərbaycanla yanaşı, nə Gürcüstan, nə Ukrayna, nə də Moldovadakı münaqişələrdə sülhyaratma təcrübəsi işə yarayıb. Azərbaycan məsələni öz əlinə almasaydı, Minsk Qrupu burada da heç nəyə nail olmayacaqdı. Bu, ATƏT-ə öz coğrafiyasında nüfuzunu saxlamaq üçün lazımdır.

Məsələnin həlli ATƏT-lə yanaşı, digər beynəlxalq təşkilatların gələcək varlığı üçün də önəmli olmalıdır. Çünki biz bu günlərdə BMT Təhlükəsizlik Şurasının öz qərarlarını geri oxumaq təşəbbüsünü gördük. Hesab edirəm ki, beynəlxalq təşkilatlar artıq tarixə qovuşur. Bu proses həlledici məqamdır ki, onlar qalacaq, ya yox? Qalmayacaq! Çünki amorflaşmış, daşlaşmış və lobbi qrupları üçün poliqon rolunu oynayan bu təşkilatlar ən azı Qarabağ məsələsinin həllini yekunlaşdırmaqla üzlərinə ağarda bilərlər. Edəcəklər ya, yox – bu, onların öz işidir. Reallıq budur ki, Azərbaycan qlobal təhlükəsizliyə və sülhə öz töhfəsini verir. Bölgədə də, təhlükəsizliyin təmin olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir. Bundan kənarda sülh mümkün deyil. Əminəm ki, ABŞ da, Avropa da, Rusiya da, digər qlobal güclər də bu məsələdə sonuna qədər Azərbaycanı dəstəkləməyə məcburdur.

– Rusiya da?

– Azərbaycan-Rusiya münasibətləri kifayət qədər yaxşıdır. Bu məsələnin də münasibətlərə mənfi təsir edəcəyini düşünmürəm. Rusiya da mövcud reallıqları anlayır. Azərbaycanla münasibətlər bundan sonra da müsbət məcrada inkişaf edəcək. Əlbəttə, Rusiyada iqtisadi erməni lobbisi var. Lakin Putinin atdığı addımlar göstərir ki, cəsarətli bir rəhbərdir.

– Bəs Türkiyənin sülh danışıqlarında yeri olacaqmı? Ankara bu məsələdə kifayət qədər fəal və prinsipial görünür, Türkiyə Prezidenti Ərdoğan da son açıqlamasında bu yöndə əngəllərin olmadığını dedi.

– Türkiyə etibarlı və güvənli tərəfdaşdır. Türkiyə təkcə Yaxın Şərqin yox, Avropanın enerji təhlükəsizliyinin də qarantıdır. Amma Avropa Türkiyənin onun üçün nə etdiyini başa düşmür. Təhlükəsizlik qurumları bu anlamda Türkiyəni dəstəkləsələr də, siyasi institutlardan belə bir dəstək yoxdur. Çünki təhlükəsizlik strukturlarında o insanlar təmsil olunurlar ki, onların bu məsələlərdən başları çıxır və buna görə Türkiyənin önəmini qiymətləndirə bilirlər.

Əlbəttə, Türkiyə və Azərbaycanı bir-birinə qardaşlıq münasibətləri bağlayır. İndi də bir-birinə güvənən insanlar bu ölkələrə rəhbərlik edirlər.

Yaxın Şərq enerji resurslarının mərkəzidir, Cənubi Qafqaz isə bu resursların daşınması üçün ən ideal yoldur. Əlbəttə, enerji resurslarının mərkəzində əsas güc olan bir dövlət onun daşınması regionunda da güc olmaq istəyər. Söhbət Türkiyədən gedir. Amma burada durum digər regionlardakı kimi deyil, Türkiyə Cənubi Qafqazda heç vaxt Azərbaycanın əleyhinə getməyib, getməyəcək. Amma kimsə iddia edə bilməz ki, Türkiyə əlinə silah alıb Azərbaycan üçün döyüşür, bu mənəvi dəstəkdir. XX əsrin əvvəlində baş verən proseslərdə isə türk ordusu Azərbaycan üçün döyüşmüşdü.

Türkiyə çoxminillik tarixə malik bir gücdür. Dünyada çox az belə dövlət var. Bizim də onun təcrübəsini öyrənməyimiz çox normaldır. İndi ancaq qeyri-ciddi mənbələr Türkiyənin Azərbaycan tərəfindən döyüşdüyünü iddia edə bilərlər. Biz sadəcə onların təcrübəsini öyrənirik, onlar da bizi dəstəkləyir.

Minsk Qrupuna gəldikdə, son 27 illik passiv fəaliyyət göstərdi ki, bu format heç nəyə yaramır. Minsk Qrupunun formatındakı dəyişiklik təklifi 2000-ci illərin əvvəlində Azərbaycan tərəfindən verilmişdi. Çünki bu qrupa üzv olan dövlətlər bu məsələni öz monopoliyalarına almışdılar. Amma reallıq ondan ibarətdir ki, onlar bacarmadılar. Üstəgəl, qeyri-obyektiv yanaşmaları ilə BMT Təhlükəsizlik Şurasındakı mövqelərini zədələdilər. Bu səbəbdən hesab edirəm ki, Türkiyənin Minsk Qrupunda yer alması vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*