Yolu azaraq düşmən ərazisinə keçən və əsir götürülən azərbaycanlı hərbçilərin Bakıda həbsdə olan erməni diversantlarla dəyişdirilməsi planı Ermənistanın əsl mahiyyətini ortaya qoyur. Hər halda hərbçilərimizə qarşı qondarma cinayət işinin başlanması ermənilərin belə bir hiyləgər ssenariyə əl atacaqlarını deməyə əsas verir. Bəs görəsən, bu, mümkündürmü? Ümumiyyətlə belə bir təklif gələrsə, Azərbaycan necə reaksiya verməlidir?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Ermənistan bu gün iyrənc bir siyasət həyata keçirir: “Bir tərəfdən sülhlə bağlı açıqlamalar verir, rəsmi Bakının bu çağırışlara pozitiv yanaşdığını söyləyir, digər yandan isə humanitar məsələlərlə bağlı qəliz, eyni zamanda Ermənistanın real şantaj mahiyyətini göstərən siyasət yürüdür. Nəzərə almaq lazımdır ki, hava şəraitininin pis olması səbəbindən Ermənistan tərəfindən dəfələrlə Azərbaycan ərazisinə həm mülki, həm də hərbi şəxslər keçib. Amma rəsmi Bakı heç vaxt coğrafi relyefə görə yolunu azan adamların üzərində siyasi oyunlar qurmayıb. Onlara qarşı hər hansı bir cinayət işi qaldırmayıb və İrəvana təhvil verib. Amma indi bizim müşahidə etdiyimiz proses ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı ikinci Dilqəm-Şahbaz ssenarisini gerçəkləşdirmək istəyir. Ona görə də, iki Azərbaycan əsgəri ətrafında qondarma cinayət işi “şou”suna başlayıblar”.

Politoloqun sözlərinə görə, Ermənistanın əsas məqsədlərindən biri də yolunu azan iki hərbçimizdən istifadə edərək Azərbaycanda konkret törətdiyi cinayətlərə görə məhkum edilən erməni hərbçiləri dəyişdirməkdir: “Hesab edirəm ki, Azərbaycan bu prosesdə əsla ermənilərlə alver etməyəcək. Bizim iki əsgərimiz dərhal vətənə geri qaytarılmalıdır. Həmçinin Ermənistan nəzərə almalıdır ki, çətin hava şəraiti ilə bağlı problemlər yarandıqda düşmən tərəfindən də Azərbaycan ərazisinə kimlərsə keçə bilər. Ermənistan öz vətəndaşları ilə bağlı belə bir situasiyanın yaşanmağını istəmirsə, o zaman iki əsgərimiz üzərindən başlatdığı “şou”nu dayandırmalıdır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
