“Bizə qarşı təhdidlərdən sonra niyə Paşinyan Moskvanın vasitəçiliyi ilə razılaşır? Rusiya hakimiyyəti tələblərini davam etdirir. İrəvandan daha böyük loyallıq və güzəştlər gözləyir. Üstəlik, rus ayısının boğucu qucağından xilas olmağa çalışan Ermənistan hakimiyyətini açıq şəkildə hədələyir. Ukraynaya qarşı təcavüzə görə özünü tam təcrid edən Moskva İrəvanın istənilən hərəkətində xəyanət görür”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb. Arşakyanın fikrincə, Rusiya xarici işlər naziri Lavrovun müsahibələri bu qənaətə gəlməyə əsas verir: “Belə görünür ki, Rusiya diplomatiyası artıq məhv olub. Ona görə də, Kreml Rusiyanı bölgədən qovmaq arzusunda olan ermənilərə və amerikalılara “hücum edir”. Lavrov ABŞ-ın Ermənistandan rusları qovmaq çağırışını təxribat adlandırıb. Mən amerikalıların adından danışmayacam, amma Ermənistanın baxış bucağından hər şey daha sadədir. Vaşinqtonun bizə heç bir siqnal göndərməsinə ehtiyac yoxdur. Ermənistan cəmiyyətinin özündə də böyük əksəriyyət Rusiyanın ərazimizdəki hərbi mövcudluğuna son qoymaq arzusundadır. Demək olar ki, İrəvana gələn və ya buradan gedən hər bir erməni sənədlərimizin Rusiya FSB-si tərəfindən yoxlanılmasından narahatdır. Bu, erməni xalqının şərəf və ləyaqətinin alçaldılmasıdır. Və ondan qurtulmaq istəməyimiz tamamilə məntiqlidir. Ermənistanın sərhədlərini məhz erməni hərbçiləri qorumalıdır”, – deyə Arşakyan vurğulayıb.
“O ki qaldı Rusiyanın hərbi mövcudluğuna, buna ehtiyac yoxdur. Rusiyanın Ermənistandakı hərbi bazalarındakı bir rus əsgəri də, indiyədək köməyimizə çatmayıb. Lavrov istehza ilə deyir ki, amerikalılar Ermənistanın təhlükəsizliyini təmin etməyə söz verirlər. Bəli, amerikalılar rus deyillər, müttəfiqlərinə xəyanət etməyəcəklər. Gümrüdəki Rusiya hərbi bazasının əvəzinə Amerika hərbçiləri olsaydı, bunu mütləq edərdilər. Rusiya isə bizi sadəcə olaraq bəlada tək qoyub. Rusiya ilə ABŞ arasındakı fərq budur. Amma Paşinyan başa düşmür ki, Rusiya qərəzsiz moderator ola bilməz. Yoxsa Moskva qorxusu o qədər güclüdür ki, Paşinyan onun vasitəçiliyindən imtina etməyə özündə güc tapa bilmir? Niyə ABŞ-ın məsləhət və köməyindən yararlanmırıq? Ən azından Amerikanın təhlükəsizlik çətiri, ruslardan fərqli olaraq dəliklərlə dolu deyil”, – deyə Arşakyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az