Müəllimlərin sosial rifahının yaxşılaşdırılması və maddi yükünün azaldılması istiqamətində müxtəlif güzəştlərin tətbiqi məsələsi müzakirə mövzusu ola bilər. Xüsusilə kommunal xidmətlərə görə ödənişlərin müəllimlər üçün ləğv edilməsi onların gündəlik xərclərinin azalmasına töhfə verə bilər.
Bəs müəllimlərin kommunal xərclərdən tam azad edilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, müəllimlərin kommunal xidmətlərə görə ödənişlərdən azad edilməsi ilə bağlı qərar qəbul etmək Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir.
Onun sözlərinə görə, bu məsələ birbaşa qanunvericiliklə tənzimlənən sahəyə aid deyil və müvafiq qərarın qəbulu Milli Məclisin səlahiyyətinə daxil olmur.
İqtisadçı qeyd edib ki, kommunal xidmətlərlə bağlı güzəştlərin tətbiqi məsələsində Nazirlər Kabineti və Tarif Şurası müvafiq qərarlar qəbul edə bilər.
“Belə bir qərarın qəbul edilib-edilməyəcəyini indidən söyləmək çətindir. Lakin bu məsələ ilə bağlı qərar vermək səlahiyyəti Nazirlər Kabinetindədir”, – deyə Natiq Cəfərli vurğulayıb.
Beləliklə, müəllimlərin kommunal xərclərdən tam azad edilməsi nəzəri baxımdan mümkün olsa da, bunun reallaşması üçün səlahiyyətli qurumların müvafiq qərar qəbul etməsi tələb olunur.
Aynurə İsmayıl
KONKRET.az
