“Ermənistan itirə-itirə gedəcək” – Politoloqdan AÇIQLAMAbackend

“Ermənistan itirə-itirə gedəcək” – Politoloqdan AÇIQLAMA

Azərbaycan ictimaiyyəti Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə Brüssel görüşündən heç nə gözləmir.

Ekspertlər hesab edirlər ki, məsələ heç də müxtəlif formatlı görüşlərin keçirilməsində deyil, çünki “Ermənistan “ərə getmək istəyən gəlini” xatırladır və tənbəllik etməyən hər kəs onun ətrafında “dolaşır”.

KONKRET.az-a açıqlamasında politoloq Teymur Atayev bildirib ki, baş verənlər 1912-1914-cü illəri xatırladır. O zaman da İngiltərə, Almaniya və Rusiyadakı bəzi qüvvələr ermənilərə dəstək vədləri verirdilər.

“Prinsip etibarilə, yeni heç bir şey yoxdur. Təəssüflər olsun ki, erməni əhalisindən hər zaman alət, obyekt, idarəolunan element kimi istifadə ediblər. Çünki Ermənistan dünya siyasətinin subyekti deyil. Ona görə də 5 apreldə keçiriləcək üçtərəfli görüşün nəyisə dəqiqliklə müəyyənləşdirəcəyini demək çətindir”.

Dünyanın bəzi siyasi çevrələrinin Azərbaycanın Qarabağdakı qələbəsini, Cənubi Qafqazda yaranmış mövcud reallıqları həzm edə bilmədiyini xatırladan politoloq hesab edir ki, buna görə də həmin qüvvələr ümumi vəziyyəti gərginləşdirməyə cəhdlər göstərəcəklər.

“Biz bir tərəfdən Avropa İttifaqı, Avropa Komissiyası, ABŞ liderlərinin Azərbaycan Prezidentinə ünvanlanmış səmimi təbrik məktublarını görürük. Bu rəsmi tonallıqdan duyulur ki, sonradan həyata keçiriləcək bəzi mühüm məsələlər də var. Digər tərəfdən isə ikili standartlarla da üzləşirik. Görürük ki, Azərbaycanı mövcud olmayan “etnik təmizləmələr”də ittiham etmək istəyirlər, hansısa “status”dan danışmağa cəhdlər göstərirlər”.

Teymur Atayevin fikrincə, Azərbaycan bütün bunlara hazırdır. “Azərbaycan Prezidenti dəfələrlə irimiqyaslı beynəlxalq forumlardakı çıxışlarında bu barədə danışıb. Biz çox yaxşı anlayırıq ki, anti-Azərbaycan xəttinin aparılması davam etdiriləcək. Bu fonda erməni qüvvələrinin hansısa sammit ərəfəsində bu mövzuya beynəlmiləl çalar vermək naminə süni şəkildə vəziyyəti gərginləşdirməyə, Azərbaycan tərəfinin hansısa qorxulu aksiyalar keçirəcəyini “sübut etməyə” başlayırlar. Ermənilərin dəst-xətti dəyşməyib və bu, xarici dəst-xəttdir”.

Ekspertin sözlərinə görə, Azərbaycanı və Türkiyəni dinləməyincə, irimiqyaslı iqtisadi layihələrə qoşulmaq üçün Bakının uzatdığı əli qəbul etməyincə, Ermənistan itirə-itirə gedəcək və xarici qüvvələrin maraqları naminə istifadə olunacaq.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*