Ermənistanda ərik diplomatiyası və benzin asılılığı: hakimiyyət müstəqillik illüziyasını necə yaradır? – VİDEObackend

Ermənistanda ərik diplomatiyası və benzin asılılığı: hakimiyyət müstəqillik illüziyasını necə yaradır? - VİDEO

Ermənistanda kənd təsərrüfatı ilə bağlı problemlər və hökumətin bu sahədə həyata keçirdiyi siyasət ətrafında müzakirələr davam edir. Tənqidçilərin fikrincə, kənd təsərrüfatı sistemli şəkildə zəifləyir və yaxın illərdə bu sahədə çalışan yüz minlərlə insanın ölkəni tərk etmək riski artır. Eyni zamanda, Türkiyə və Azərbaycan mənşəli meyvə-tərəvəz məhsullarının Ermənistan bazarında payının artacağı iddia olunur.

KONKRET.az ermənilərə məxsus Telegram kanallarına istinadən xəbər verir ki, müxalif mövqedən çıxış edənlər hesab edirlər ki, hakimiyyət real problemlərin həlli əvəzinə, ictimaiyyətə uğur görüntüsü yaratmağa üstünlük verir.

Bu baxımdan Avropaya bir neçə yük maşını ilə ərik ixracının xüsusi şəkildə təqdim edilməsi də tənqid olunur. Tənqidçilərin fikrincə, ixracın həcminin bir neçə yük maşını, onlarla və ya yüzlərlə olması əsas məsələ deyil. Əsas problem kənd təsərrüfatı sektorunun ümumi vəziyyətidir. Onların fikrincə, belə xəbərlər cəmiyyətə problemin həll olunduğu görüntüsünü verə bilər, halbuki əsas məsələ bütöv bir sahənin iqtisadi dayanıqlığının təmin edilməsidir.Müəllifin fikrincə, qarşıdakı dövrdə, xüsusilə

Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri kontekstində hakimiyyət tərəfindən iki əsas siyasi mesaj ön plana çıxarıla bilər.

Birinci mesajın “Bu, Ermənistanın müstəqilliyinin qiymətidir” formasında təqdim ediləcəyi iddia olunur.

Tənqidçilər isə bunun əslində müstəqillik deyil, Ermənistanın Qərbdən, Türkiyədən və digər xarici aktorlardan yeni asılılıqlara sürüklənməsi olduğunu bildirirlər. Onların fikrincə, prosesin əsas məqsədlərindən biri hakimiyyətin siyasi mövqelərini qorumaqdır.

Mətn müəllifi həmçinin Türkiyənin Ermənistanın təhlükəsizliyinə mümkün təsiri ilə bağlı ciddi narahatlıqlarını ifadə edir və bunu ölkənin milli maraqları baxımından təhlükəli proses kimi qiymətləndirir.

Eyni yanaşma Ermənistanın enerji təhlükəsizliyi məsələsinə də şamil edilir.

Hakimiyyət ölkənin enerji mənbələrini şaxələndirməyə və İran, Türkmənistan və Qazaxıstandan neft məhsulları və qaz idxalını artırmağa çalışdığını bildirir. Lakin tənqidçilərin fikrincə, bunun fonunda Ermənistanın Rusiya yanacağından Azərbaycan mənşəli yanacağa keçməsi yeni asılılıq yarada bilər.

Müəllif bu prosesi “bir iynədən digərinə keçid” kimi xarakterizə edir və bildirir ki, asılılıq aradan qalxmır, sadəcə onun istiqaməti dəyişir.

Mətnin müəllifinə görə, əvvəllər yanacağın əsas mənbələrindən biri Rusiya idisə, gələcəkdə Azərbaycanın rolunun artması “Rusiyadan enerji müstəqilliyi” kimi təqdim oluna bilər. Halbuki Azərbaycanla bağlı ərazi iddiaları, Ermənistanın təhlükəsizliyi və regional kommunikasiyalar məsələsində ciddi siyasi fikir ayrılıqları mövcuddur.

Müəllif həmçinin Azərbaycanın Ermənistanın müəyyən əraziləri ilə bağlı istifadə etdiyi “Qərbi Azərbaycan” ifadəsini və “Zəngəzur dəhlizi” tələblərini xatırladaraq, enerji asılılığının təhlükəsizlik aspektinə diqqət çəkir.

Məqalədə irəli sürülən ikinci əsas ehtimal isə gələcəkdə ölkədə yaranacaq problemlərə görə Rusiyanın məsul tutulmasıdır.

Müəllifin fikrincə, hakimiyyət qarşılaşacağı iqtisadi və sosial çətinliklərin səbəbini Moskvanın üzərinə atmaqla daxili məsuliyyətdən yayınmağa çalışa bilər. Bu yanaşma xarici düşmən obrazından istifadə etməklə ictimai diqqətin hakimiyyətin öz qərarlarından yayındırılması kimi qiymətləndirilir.

Məqalədə bu siyasi mesajların hakimiyyətin hazırda dəstək verdiyi hesab edilən seçici elektoratına hesablandığı bildirilir. Müəllif həmin elektoratın təxminən 30–35 faiz təşkil etdiyini iddia edir və hakimiyyətin bu auditoriya ilə daha sistemli işlədiyini vurğulayır.

Bunun əksinə olaraq, müxalif qüvvələr arasında daxili fikir ayrılıqlarının və qarşıdurmaların davam etdiyi qeyd olunur. Bununla belə, müəllif 2020-ci ildən sonra ilk dəfə müxalif qüvvələrin konsolidasiyası istiqamətində proseslərin başladığını bildirir.

Məqalənin yekununda müəllif hesab edir ki, hakimiyyət gələcəkdə siyasi və iqtisadi uğursuzluqları “qələbə”, güzəştləri isə “suverenlik” kimi təqdim etməyə, yaranan problemlərə görə isə xarici qüvvələri məsul tutmağa çalışa bilər.

Müəllifin əsas tezisi belədir: Ermənistanın qarşısında duran əsas məsələ yalnız bir ölkədən digərinə iqtisadi və enerji asılılığının dəyişdirilməsi deyil, real və davamlı müstəqilliyin təmin edilməsidir. Bu baxımdan, Rusiya yanacağından Azərbaycan yanacağına keçid, müəllifin fikrincə, “azadlıq deyil, asılılığın formasının dəyişməsi” kimi qiymətləndirilməlidir.

Natiq Səlim,
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*