Ermənistandakı seçkilərdə kim qalib gələcək? – SENSASİON PROQNOZbackend

Ermənistandakı seçkilərdə kim qalib gələcək? - SENSASİON PROQNOZ

“Nikol Paşinyanın rəhbərlik etdiyi hakim qüvvə hazırda Ermənistan daxilində keçiriləcək parlament seçkilərinin əsas favoriti kimi görünür. Baxmayaraq ki, Paşinyan 2021-ci il seçkilərində olduğu qədər güclü ictimai dəstəyə malik deyil, yenə də rəqiblərini qabaqlayan əsas siyasi fiqurdur. Cəmiyyətdə ona qarşı həm narazılıq, həm də ciddi dəstək mövcuddur. Onu dəstəkləyənlər ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edir. Bununla yanaşı, qərarsız seçici kütləsi də kifayət qədər böyükdür və seçkinin nəticəsinə ciddi təsir göstərə bilər. Qərarsız seçicilərin mühüm hissəsi keçmiş hakimiyyət nümayəndələrinin yenidən iqtidara qayıtmasına ehtiyatla yanaşır və əvvəlki siyasi sistemə inamsız münasibət bəsləyir”.

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

Elmir Səftərov: Azərbaycanın Ermənistanı əzici məğlubiyyətə uğratması böyük  güclərin planlarını pozdu- ÖZƏL

“Paşinyan da məhz bu məqam üzərində siyasi kampaniya qurmağa çalışır. O, çıxışlarında keçmiş hakimiyyətləri öz maraqlarını dövlət maraqlarından üstün tutmaqda ittiham edir və Qarabağ məsələsi ilə bağlı əvvəlki siyasətin Ermənistan üçün ağır nəticələr yaratdığını vurğulayır. Paşinyan cəmiyyətə anlatmağa çalışır ki, Azərbaycan torpaqlarının işğalda saxlanılması Ermənistan xalqına böyük insan və iqtisadi itkilər bahasına başa gəlib və bu siyasət ölkənin gələcəyinə xidmət etməyib.

Müxalifət fəallıq göstərsə də, vahid siyasi qüvvə formalaşdıra bilməyib.  Robert Köçəryan, Qaqik Tsarukyan və Samvel Karapetyan kimi fiqurlar Paşinyanın əsas rəqibləri hesab olunur. Lakin xüsusilə Köçəryan-Sarkisyan dövrü ilə bağlı cəmiyyətdə müəyyən etimadsızlıq qalmaqdadır və Paşinyan da bunu seçki kampaniyasında əsas arqumentlərdən biri kimi istifadə edir”.

Siyasi şərhçi qeyd edir ki,hazırkı mənzərə göstərir ki, Paşinyanın yenidən qalib gəlməsi kifayət qədər real ehtimaldır.

“Hərçənd əvvəlki seçkilərdə olduğu kimi çox böyük fərqlə qalib gəlməsi çətin görünür. Seçkinin nəticəsinə kampaniyanın gedişi, mümkün etiraz aksiyaları, xarici siyasi amillər və həm hakimiyyətin, həm də müxalifətin cəmiyyətə nə dərəcədə inandırıcı mesaj verə bilməsi ciddi təsir göstərəcək.

Paşinyan son çıxışlarında təhlükəsizlik və sabitlik faktorunu ön plana çıxarır. O, bildirir ki, regionda son aylarda müşahidə olunan nisbi sabitlik və gərginliyin azalması qorunmalıdır. Paşinyanın mesajı əsasən belədir: əgər əvvəlki siyasi qüvvələr yenidən hakimiyyətə qayıdarsa, Ermənistan yenidən qarşıdurma və qeyri-sabitlik dövrünə dönə bilər. Bu arqument hazırda onun seçki strategiyasının əsas sütunlarından biridir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*