“Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməliyik” – Politoloqbackend

"Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməliyik” - Politoloq

“Təzminat kartından sadəcə təzyiq kimi istifadə edə bilərik, amma bundan birdəfəlik imtina etmək yolverilməzdir”

“Müəyyən təzyiq metodlarından istifadə edərək Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməliyik” .

KONKRET.az xəbər verir ki, bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 

Ekspert bildirib ki, yekun sülh müqaviləsi Azərbaycanın Qarabağın bütün rayonlarında hakimiyyətinin tam bərpa edilməsi, nəzarətin tamamilə bizə keçməsinə səbəb olacaq: 

“Ermənistanla imzalanması labüd olan sülh sazişi heç vaxt Azərbaycanın müəyyən güzəştlərə getməsi ilə baş tutmamalıdır. Təzminat kartından sadəcə təzyiq kimi istifadə edə bilərik, amma bundan birdəfəlik imtina etmək yolverilməzdir. Xalqımıza qarşı soyqırım törədənlərin və Azərbaycan dövlətinə maddi-mənəvi ziyan vurmuş erməni quldurlarının beynəlxalq məhkəməyə verilməsindən, təzminat davası açılmasından əsla vaz keçməməliyik. Yerevanın bu cür şərtləri tərəddüd edilmədən geri çevrilməlidir. Təzminat bizim üçün strateji məsələdir və heç bir sülh razılığının əldə olunması yönündə “xoş məram” kimi qurban verilə bilməz”.

Analitik vurğulayıb ki, təzminat Ermənistana qarşı Azərbaycanın əlində olan ən böyük təzyiq vasitəsidir: 

“Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, təzminat kartı hər zaman onları revanş fikirlərindən çəkindirəcək faktordur. Biz bu faktoru hər zaman gündəmdə tutmalıyıq. Eyni zamanda, ermənilərin Türkiyəyə qarşı “soyqırım” iddialarını da əngəlləyən vasitədir ki, bunun da əhəmiyyəti heç də az deyil. Təzminat əvəzinə torpaq verilməsinə aid tarixi bir faktı xatırlatmaq istərdim ki, 1923-cü il 24 iyulda imzalanan Lozan müqaviləsinə görə Meriç çayının qərbindəki Karaağac stansiyası və Bosnaköy, Yunanıstanın Qərbi Anadoluda etdiyi təxribata qarşılıq olaraq Türkiyəyə təzminat kimi verilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*