İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qonşu dövlətlərlə münasibətlərində bir çox problemin həll edildiyini və əlaqələrin əvvəlkindən xeyli yaxşılaşdığını bildirib.
KONKRET.az Tehran bürosunun məlumatına görə, Pezeşkian televiziya ilə yayımlanan müsahibəsinin yekun hissəsində qeyd edib ki, hazırda regionda müharibə şəraitində İsrail və ABŞ Körfəz ölkələrini İrana qarşı səfərbər etməyə çalışır, Tehran isə bunun qarşısını almağa çalışır.
İran Prezidenti ABŞ və İsrailin ölkə daxilindəki fikir ayrılıqlarından da istifadə etməyə çalışdığını bildirib.
Pezeşkianın sözlərinə görə, İran müharibəni başladan tərəf olmayıb və döyüşlər başlayanda danışıqlar aparırdı. O bildirib ki, qarşı tərəfin hesablamalarına baxmayaraq, proses onların gözlədiyi kimi inkişaf etməyib.
İran Prezidenti ABŞ-ın region ölkələrinin ərazisindən İrana zərbələr endirdiyini də deyib. Onun sözlərinə görə, Tehran qonşu və dost ölkələri hədəfə almaq istəmir və yalnız özünə hücum edilən istiqamətlərdən cavab verir.
Pezeşkian Avropa ölkələrini də “snapback” mexanizmi ilə bağlı mövqeyinə görə tənqid edib və bunun avropalıların müstəqil qərar qəbul etmək imkanlarının məhdud olduğunu göstərdiyini bildirib.
İran Prezidenti İstanbulda imzalanmış razılaşmaya da toxunaraq, bunun Livandakı müharibənin dayandırılmasına imkan verdiyini, həmçinin bəzi sanksiyaların ləğvi və İranın vəsaitlərinin qaytarılması ilə bağlı nəticələr əldə edildiyini bildirib.
Pezeşkian Hörmüz boğazı ilə bağlı razılaşmaya da toxunub. O qeyd edib ki, qarşı tərəf öhdəliklərinin bir hissəsini yerinə yetirmədiyi üçün İran da buna uyğun reaksiya verib.
İran Prezidenti ABŞ-Çin münasibətlərini nümunə göstərərək, Vaşinqtonun Pekinlə müharibə aparmadığını və Çinlə problemlərin danışıqlar yolu ilə həll edilməsinin mümkün olduğunu bildirib.
Pezeşkian əlavə edib ki, İran öz hüquqlarından geri çəkilməyib və əldə olunan razılaşmanı müdafiə edəcək. O, İsrailin regionda müharibənin davam etməsində maraqlı olduğunu vurğulayıb.
İran Prezidenti, həmçinin istefa verəcəyi ilə bağlı yayılan məlumatları təkzib edib və vəzifəsindən ayrılmayacağını bildirib.\\apa.az
