Ruslarla bağlı mühüm qanun qüvvəyə mindi – Volodin açıqladıbackend

Ruslarla bağlı mühüm qanun qüvvəyə mindi - Volodin açıqladı

Rusiyada xaricə gedən və ölkə ərazisindən kənarda yaşayan bəzi vətəndaşlarla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin avqust ayında qüvvəyə minən qanunlar barədə məlumat verərkən bu dəyişikliklərə də diqqət çəkib.

KONKRET.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 4-də “Rusiya Federasiyasının hüdudlarından kənarda olan və cəzanın icrasından yayınan şəxslərə münasibətdə müvəqqəti məhdudlaşdırıcı tədbirlər haqqında” qanunu imzalayıb. Sənəd həmin gün Rusiya hüquqi informasiya portalında dərc olunub və dərc edildiyi gündən qüvvəyə minib.

Qanun xaricdə olan və Rusiya Cinayət Məcəlləsinin istənilən maddəsi üzrə məhkum edilmiş, yaxud müəyyən inzibati xətalara görə məsuliyyətə cəlb olunmuş şəxslərə şamil edilə bilər.

Məhdudiyyətlərin siyasi xarakterli bəzi maddələrlə bağlı məsuliyyətə cəlb olunan şəxslərə də tətbiqi nəzərdə tutulur. Buraya Rusiya ordusunun “diskreditasiyası”, “xarici agent” statusu ilə bağlı cərimələrin ödənilməməsi, “arzuolunmaz təşkilatların” fəaliyyətində iştirak və Rusiyanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş ictimai çağırışlarla bağlı hallar daxildir.

Yeni qaydalara əsasən, belə şəxslərə qarşı bir sıra müvəqqəti məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilər. Bunlar arasında Rusiyada dövlət xidmətlərindən, xaricdə isə konsulluq xidmətlərindən istifadənin məhdudlaşdırılması, o cümlədən xarici pasportun və etibarnamələrin rəsmiləşdirilməsinə maneə yaradılması nəzərdə tutulur.

Bundan başqa, həmin şəxslərə daşınmaz əmlak və nəqliyyat vasitələrini satmaq qadağan edilə, bank hesabları bloklana və bank tətbiqlərinə giriş məhdudlaşdırıla bilər.

Rusiya mətbuatının məlumatına görə, bu tədbirlər şəxsin Rusiya Ədliyyə Nazirliyinin xüsusi siyahısına daxil edilməsindən sonra tətbiq olunacaq.

Bunun üçün üç şərtin mövcud olması tələb olunur: məhkəmə hökmünün və ya müəyyən inzibati maddələr üzrə qərarın qanuni qüvvəyə minməsi, şəxsin cəzanı icra etməkdən yayındığının təsdiqlənməsi və onun Rusiya ərazisindən kənarda olduğunun müəyyən edilməsi.

Beləliklə, yeni qanun Rusiyadan kənarda yaşayan və Rusiya hüquq-mühafizə orqanlarının qərarları üzrə cəzanın icrasından yayınan şəxslərin ölkə daxilində hüquqi, maliyyə və inzibati imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*