İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu uçuş daha öncə Tovuz istiqamətində həyata keçirilib.
Mövzu ilə bağlı KONKRET.az-a danışan deputat Fazil Mustafa bildirib ki, kəşfiyyat təyyarələrinin uçurdulması təkcə Ermənistanın məsələsi deyil:
“Bu, Ermənistana Cənubdan və Avropadan dəstək verən dövlətlərin yaratmaq istədiyi təxribatla bağlıdır. Bilavasitə Ermənistanı stimullaşdırırlar ki, hər hansı şəkildə sülh baş tutmasın. Bölgədə gərginlik olduqca onların varlığı bölgədə özünü daha çox hiss etdirəcək. Bu baxımdan biz məsələyə təkcə Ermənistan konktekstindən yanaşmamalıyıq. Çünki Ermənistanın bu cür kəşfiyyat təyyarələri və başqa imkanları elə də geniş deyil. Bu başqa ölkələrdən idarə olunan mexanizmlə həyata keçirilir”.
O qeyd edib ki, bu məsələlərdə diqqətli olmaq lazımdır:
“Hazırlığımızı davam etdirməliyik, istənilən stiuasiyada onsuz da hələ ki, Ermənistanla sülh bağlamamışıqsa, müharibə şəraitindəyik. Müharibəni sanki davam etdirirmiş kimi özümüzdə də əhval-ruhiyyə yaratmalıyıq. Hələ sülh bağlanmamış hansısa şəkildə müharibə riskindən qurtulmuşuq deyə bilmərik. Bu ərazilərdə dislokasiyamız daha ciddi şəkildə olmalı, hərbi qüvvələrimiz hər hansı əməliyyatlara tam hazır vəziyyətə gətirilməlidir”.
Politoloq Tural İsmayılov isə qeyd edib ki, Ermənistan COP29 ərəfəsində qəsdən Azərbaycanı hərbi təxribata çəkmək istəyir:
“Son dövrlər Ermənistanın Avropa İttifaqı tərəfindən silahlandırılması ilə paralel fonda bu tip hadisələrin baş verməsi düşündürücüdür. Dayanmadan Fransa tərəfindən hücum silahlarının verilməsi, Aİ-nin maliyyə yardımlarının artırılması, həmçinin Aİ ilə bir sıra sahələrdə əməkdaşlıq üzrə müxtəlif məsələlərin müzakirə edilməsi fonunda Azərbaycan Ermənistanı Bakıda keçiriləcək COP29 tədbirinə dəvət etdi. Amma Ermənistan əvvəlcə Kəlbəcərdə atəşkəsi pozdu, Tovuzda pilotsuz uçuş aparatını qaldırdı, nəhayət Laçında kəşfiyyat uçuşu həyata keçirdi. Ermənistan COP29 ərəfəsində qəsdən Azərbaycanı hərbi təxribata çəkmək istəyir. Məqsədlərindən biri ondan ibarətdir ki, Azərbaycan Ermənistana cavab versin, Ermənistana hərbi formada layiq olduğu yeri göstərsin, məhz bundan sonra Ermənistan bütün dünyada haray-həşir qaldırsın ki, Azərbaycan guya Ermənistana qarşı hansısa hərbi aqressiyaya əl atır”.
Onun sözlərinə görə, tez-tez kəşfiyyat xarakterli uçuşlarının aparılması Ermənistanın silahlandırılması fonunda davam edir:
“Bu da gələcəkdə sərhədyanı ərazilərdə yaşayan vətəndaşların təhlükəsizliyi üçün yenidən antiterror əməliyyatları keçirə bilmə ehtimallarını da gücləndirir. Bütövlükdə Ermənistanın bu tip kəşfiyyat uçuşları həyata keçirməsi Azərbaycanı növbəti dəfə hansısa hərbi cavaba cəlb etmək, bununla da ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi imic formalaşdırmaq, nəticədə sülh prosesini yubatmaq məqsədi daşıyır”.
Aygün Mirakif,
KONKRET.az