Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Vaşinqton sammitinin birinci ildönümü ilə bağlı Azərbaycan-Ermənistan sülh prosesi barədə fikirlərini bölüşüb.
KONKRET.az xəbər verir ki, politoloq “Telegram” kanalında yazıb ki, 2025-ci il avqustun 8-dən ötən bir il ərzində regionda sülh gündəliyi formalaşıb və yeni siyasi tendensiyalar meydana çıxıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar formatı alternativsiz model kimi qəbul olunub. Tərəflər ardıcıl addımlardan ibarət vahid sülh gündəliyi üzərində razılığa gəliblər.
F.Məmmədov bildirib ki, TRİPP layihəsi üçüncü tərəfin yalnız hər iki ölkənin razılığı və konkret layihələr çərçivəsində iştirak edə biləcəyini göstərən model formalaşdırıb.
Politoloq qeyd edib ki, hazırda iki ölkə arasında ali və yüksək səviyyədə dialoq qurulub, administrasiyalar arasında daimi operativ əlaqə mövcuddur, diplomatlar isə beynəlxalq təşkilatlarda gərginliyin azaldılması istiqamətində əməkdaşlıq edirlər.
Onun sözlərinə görə, baş nazir müavinlərinin rəhbərlik etdiyi hökumətlərarası komissiya sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də iqtisadi münasibətlər üzrə fəaliyyət göstərir. Artıq iqtisadi əməkdaşlıq başlayıb, vətəndaş cəmiyyəti isə “Sülh körpüsü” təşəbbüsü çərçivəsində dialoq platforması yaradıb.
F.Məmmədov hesab edir ki, ötən bir il ərzində region daha təhlükəsiz olmasa da, bu, Bakı ilə İrəvan arasında sülh gündəliyinin dəyişməsinə səbəb olmayıb. O vurğulayıb ki, növbəti beş ildə hər iki ölkədə legitim hökumətlərin fəaliyyət göstərəcəyi və onların sülh siyasətini daxili siyasi proqramın əsas hissəsinə çevirdiyi artıq aydın görünür.
Politoloq əlavə edib ki, TRİPP layihəsinə yüz milyonlarla dollar ayrılır, milyardlarla dollarlıq investisiyalar planlaşdırılır və ABŞ bu təşəbbüsə böyük maraq göstərir. Onun fikrincə, layihə regionda əməkdaşlığın əsas dayaqlarından birinə çevrilməkdədir.
Sonda F.Məmmədov bildirib ki, Ermənistanın yeni Konstitusiyasının qəbulu, TRİPP layihəsinin icrası, eləcə də delimitasiya və demarkasiya prosesinin davamı sülh gündəliyinin gələcək tempini müəyyən edəcək. Buna baxmayaraq, sülh prosesi aktuallığını qoruyur və getdikcə daha konkret məzmun qazanır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
