Tacikistanda sosial şəbəkələrdə yayılan video etirazlara səbəb olub. Belə ki, yayılan görüntülərdə hərbçilərin xidmətə gələn gənc əsgərləri necə döyməsi əks olunub. Video ortaya çıxandan sonra istifadəçilər hökumətdən hərbçiləri tapıb sərt şəkildə cəzalandırmağı tələb edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Tacikistan Baş Prokurorluğu görüntülərin internetdə yayılmasından bir neçə saat sonra hərbi hissədə “dedovşina” təşkil edən 5 əsgərə qarşı cinayət işi açıb.
Məlumata görə, cinayətdə əli olanların hamısı müəyyən edilərək saxlanılıb. Hərbi prokurorluq digər istintaq orqanlarının köməyi ilə yoxlama aparıb və hadisənin 2022-ci il dekabrın 15-də baş verdiyini müəyyən edib.
Qeyd olunub ki, saxlanılan hərbçiləri 5 ildən 10 ilə qədər həbs gözləyir.
Tacikistan hökumətinin BMT-nin İnsan Haqları Komitəsinə göndərdiyi hesabata əsasən, 2019-2021-ci illər arasında orduda 100-dən çox əsgər “dedovşina” və komandirlərin vəzifə səlahiyyətlərindən sui-istifadəsi nəticəsində həlak olub.
Tacikistan hökuməti hər dəfə əsgərlərin ölümünü onların xəstəliyi və ya qəza ilə əlaqələndirir. Nadir hallarda isə hərbi hissənin vəzifəli şəxsləri hərbi qulluqçuların ölümünə görə cəzalandırılır.
Tacikistan Baş Prokurorluğu son hesabatında bildirib ki, son üç ildə hərbi hissələrdə cinayətləri ört-basdır edən 639 vəzifəli şəxs məsuliyyətə cəlb edilib.
İqbal Rzayev,
KONKRET.az
