Bu günlərdə yenə dilimizlə bağlı maraqlı açıqlamalara rast gəldim. Professor Mahirə xanım “ləlöyün” sözünü dilimizə salmaq istəyir, keçmiş iş yoldaşım, hazırda isə deputat olan Bəhruz bəy isə “arvad” söhbəti ilə gündəmdə “at oynadır”. Bu məsələlər haqqında heç bir fikir söyləmək fikrində deyiləm, çünki buna həvəsim yoxdur. Amma bu müzakirələr mənim yadıma “eşşəyimin qurd dayısı” ifadə formasını saldı.
Bizim kənddə tez-tez işlədilən sözdür. Çünki Dondarlı elində qohumluq məsələsinə həmişə həssaslıqla yanaşılıb. Biz tərəflərdə qohumlar ciddi müzakirələrin bəzən tam ortasında olur. Dünya dağılsa da, “Kim kimə necə qohumdur” sualı bəzən çox dolaşıq cavabları ilə yadda qalır. Elə bu mənada kəndimizdən olan adam əgər öz varlığı ilə heç kimin nəzər-diqqətinə səbəb olmursa, çox kəskin ifadə ilə “yad olunur”: “eşşəyimin qurd dayısı”.
İlk baxışda absurd görünən bu birləşmə olan eşşək və qurd, iki əks təbiətli, bir-birinin düşməni sayılan iki canlı əslində dərin bir sosial müşahidənin məhsuludur. Eşşək ev heyvanıdır, qurd isə vəhşidir. Biri itaətkardır, digəri azaddır. Biri insana xidmət edir, digəri insandan qaçır. Bu iki varlıq arasında qohumluq əlaqəsi qurmaq məntiqi cəhətdən mümkünsüzdür. Məhz buna görə ifadə bizim ən sevimli lüğət ehtiyatımıza daxil edilib. Dondarlılılar üçün qohum el-oba anlayışının bir elementidir, doğmalarına kömək edəndir, arxadır.
Amma hər kəs hər kəsin qohumu ola bilməz. Bəzən iki ailə arasındakı əlaqə o qədər uzaq, o qədər dolaşıq olur ki, onu izah etmək üçün sözlər çatmır. Elə bu boşluqda kənd camaatı “eşşəyimin qurd dayısı” deyib gülümsəyir və bununla da məsələni müdrikcəsinə bağlayır. Dondarlı camaatı üçün qohumluq çox çətin, çətin olduğu qədər şərəfli cəhət kimi xarakterizə edilsə də, digər tərəfi, yəni məsuliyyəti ayrı bir söhbətin mövzusudur. Bizə görə kim qohumdur, məhz ona hörmət olmalıdır, onun işi görülməlidir, lazım gələndə nazı ilə oynamalıdır. Kim bu qohumluğu bacarmırsa, o, avtomatik olaraq kənarda qalır. İfadə burda da camaatın dadına çatır: “Bəli, biz qohumuq, eşşəklə qurdun qohum olduğu qədər”.
Elimizin zəngin, zəngin olduğu qədər sistemli dialektik sözləri çoxdur və bu sözlər abstrakt anlayışları konkret obrazlarla ifadə etməyi sevir. Bu baxımdan, “uzaq qohumuq” demək əvəzinə “Eşşəyimin qurd dayısı” deməklə, rəsmi, soyuq, mücərrəd yanaşmadan uzaq qaçırsan və canlı, təbəssüm doğuran ifadə tərzi ilə vəziyyəti gərginləşdirmirsən.
Bu ifadə də təbii ki, bir az istehza da var. Hər məclisdə “biz qohumuq” deyib mövqe qazanmağa çalışanlara istehzalı tərif də deyə bilərik. Camaatımız bu ifadə ilə sanki deyir: “Qohumluq münasibəti yox, qohumluq hissi lazımdır. Əgər hiss yoxdursa, eşşəyin qurd dayısından fərqin qalmır”.
Bəli, əzizlərim, sizə misal gətirdiyim bu kiçik ifadə əslində böyük bir həqiqəti özündə ehtiva edir: Qohumluq coğrafiya və ya soy ağacı ilə deyil, ürək yaxınlığı ilə ölçülür. Eşşəklə qurd heç vaxt bir evdə yaşaya bilməz. Nə qədər ki aralarında miskin maraqlar var, və ya bu varlıqlar təbiətin qorxunc hökmünə qarşı gedə bilmir, elə belə də davam edəcək. İnsanlar arasında da belədir: kağız üstündəki qohumluq həyatda olmayan yaxınlığın yerini tuta bilməz.
Bəlkə elə buna görə bu ifadə hələ də dilimizdə yaşayır. Çünki hər nəsildə, hər kənddə, hər ailədə “eşşəyin qurd dayısı” tapılır. Elə mənim də virtual dünyada, həmçinin facebookda doğmalarım, qohumlarım da var, eşşəyimin qurd dayıları da çoxdur.
Fadil Paşayev,
Əməkdar jurnalist
