SSRİ və Ermənistanın sabiq baş hərbi xadimi, 1990-cı illərdə Ermənistan Müdafiə Nazirliyində yüksək vəzifələr tutmuş və hazırda Rusiyada yaşayan general-leytenant Norat Ter-Qriqoryants Ermənistan Respublikasının vətəndaşlığından imtina edib.
KONKRET.az xəbər verir ki, “Iravunk” qəzetinə müsahibəsində general bu addımı atmasının səbəblərini açıqlayıb: “Mən konsulluğa gedib Ermənistan pasportunu təhvil verdim. Onlar təəccüblə soruşdular: “Cənab Ter-Qriqoryants, nə edirsiniz?” Mən də cavab verdim: “Ermənistanda onsuz da azsaylı qalan erməni xalqına xəyanət edən və onu Türklərin əli ilə məhv etmək istəyən adamlar hakimiyyətə gələndən sonra mənə başqa nə qalır?”,
Ter-Qriqoryants əlavə edib ki, pasportu təhvil verdikdən sonra ölkənin prezident administrasiyasından ona “Siz vətəndaşlıqdan məhrum edildiniz” mesajı gəlib: “Nə olar, sağ olun, əzizlərim. Mən bir daha heç vaxt Ermənistana gəlməyəcəyəm. Vəssalam”.
Xatırladaq ki, Norat Ter-Qriqoryants Ermənistan Silahlı Qüvvələrinin formalaşmasında əsas iştirakçılardan biri və ölkədə Rusiya hərbi mövcudluğunun yaradılması ideyasının müəlliflərindən biri kimi tanınır.
Natiq Səlim,
KONKRET.az
