Gürcüstan və Ermənistanda aviabiletlər niyə Azərbaycandan ucuzdur? – AZAL HƏDƏFDƏbackend

Gürcüstan və Ermənistanda aviabiletlər niyə Azərbaycandan ucuzdur? - AZAL HƏDƏFDƏ

Azərbaycanda aviabiletlərin qiyməti illərdir vətəndaşların ən çox narazı qaldığı məsələlərdən biri olaraq qalır. Xüsusilə, qonşu ölkələrlə müqayisədə qiymət fərqinin kəskin olması “hava nəqliyyatında gizli inhisar varmı?” sualını daha da aktuallaşdırır. Dünyanın bir çox ölkəsində aşağıbüdcəli aviaşirkətlər insanların rahat və sərfəli səyahət imkanlarını artırdığı halda, Azərbaycanda qısa məsafəli uçuşların belə yüksək məbləğə başa gəlməsi ciddi tənqid olunur. Vətəndaşlar hesab edir ki, bazarda real rəqabət mühiti formalaşmadığı üçün seçim imkanları məhdud qalır və nəticədə qiymətlər süni şəkildə yüksək saxlanılır. Bəs Azərbaycanda aviabiletlərin baha olmasının əsas səbəbi doğrudan da rəqabətsizlik və inhisarçılıqdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, rəqabət olmayan bazarda qiymətlərin yüksək olması qaçılmazdır:

Tural Abbaslı: AĞ partiya Azərbaycan Xalq Hərəkatının fəal üzvlərindəndənidr

“Rəqabət olmayan yerdə qiymətlər birmənalı şəkildə inhisarın təsiri altında formalaşır. Həmin inhisarçı istədiyi qiyməti müəyyən edir. Heç kimə sirr deyil ki, AZAL Azərbaycana başqa hava yolları şirkətlərinin daxil olmasında maraqlı deyil. Hətta bəzi aşağıbüdcəli aviaşirkətlər Azərbaycan bazarına girdikdən sonra belə ucuz qiymətə bilet sata bilmədilər. Çünki onlara təqdim olunan xidmətlər çox baha idi. Bu xərclər də biletin qiymətinə əlavə olunurdu və nəticədə ekonom seçimlər də bahalaşırdı”.

Partiya sədri hesab edir ki, problemin həlli üçün dünya səviyyəli loukoster şirkətlərin Azərbaycana cəlb olunmasına ehtiyac var:

“İnsanlar ucuz aviabiletlərdən istifadə edə bilməlidirlər. Necə olur ki, eyni regionda yerləşən Gürcüstan və Ermənistanda aviabiletlər Azərbaycandan 2-3 dəfə ucuzdur? Azərbaycandan Gürcüstana qatar bileti belə bəzən 80 manatdan başlayır, amma Gürcüstandan insanlar 50-60 dollara Avropaya uça bilirlər. Bu qiymətlər real bazar prinsiplərinə uyğun görünmür”.

Tural Abbaslı əlavə edib ki, xüsusilə qısa məsafəli uçuşlarda qiymətlərin yüksək olması ciddi narazılıq yaradır:

“AZAL-la Bakıdan Tbilisiyə 40 dəqiqəlik uçuş üçün 200-250 manat tələb olunur. Halbuki Gürcüstan və Ermənistandan Avropanın müxtəlif ölkələrinə daha ucuz qiymətlərlə uçmaq mümkündür. Dünya təcrübəsinə uyğun olaraq Azərbaycan vətəndaşları üçün də münasib aviabiletlər təmin edilməlidir. Əgər AZAL qiymətləri endirə bilmirsə, o zaman daha ekonom şirkətlərin ölkəyə daxil olmasına şərait yaradılmalıdır ki, bazarda real rəqabət formalaşsın”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*