Son günlər dünyada hantavirusla bağlı xəbərlərin artması ictimai narahatlığı da gücləndirib. Bəzi ölkələrdə virus təhlükəsinə qarşı ictimai yerlərdə maska istifadəsinin yenidən məcburi edilməsi məsələsi müzakirə olunur. Bu isə Azərbaycanda da “yenidən maska qadağaları tətbiq oluna bilərmi?” sualını gündəmə gətirib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, hazırda beynəlxalq səhiyyə qurumları tərəfindən bununla bağlı hər hansı rəsmi xəbərdarlıq və ya göstəriş verilməyib.

“Hantavirus əsasən gəmiricilərdə yayılan virusdur. Daha çox nəmişlik zonalarda yayılır. Hazırda bizdə bununla bağlı hər hansı göstəriş yoxdur.
Əgər pandemiya olsa, yenidən maska taxmaq ehtimalı yarana bilər. Hava ilə keçən xəstəlik deyil. Hava-damcı yolu ilə yayılmadığı üçün maskaya ehtiyac yoxdur”.
Mütəxəssis vətəndaşlara gigiyena qaydalarına əməl etməyi, xüsusilə gəmiricilərin çox olduğu məkanlarda diqqətli davranmağı tövsiyə edib.
Aynurə İsmayıl
KONKRET.az
