Fransa prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində çıxış edərək ölkədə son illərdə baş verən mühüm siyasi dəyişiklikləri vurğulayıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Ermənistanın transformasiyası artıq beynəlxalq ictimaiyyət üçün aydın görünür:
“Gəlin səmimi olaq: səkkiz il əvvəl heç kim bura gəlməzdi. O vaxt bu ölkə danışıqlar masasında faktiki olaraq Rusiyanın peyki kimi qəbul olunurdu. Bu gün isə Ermənistana bu qədər ilk səfərlərin baş tutması çox şeydən xəbər verir.”
Makron qeyd edib ki, əvvəllər Ermənistan bir çoxları tərəfindən Rusiyanın faktiki müttəfiqi kimi görülürdü. Lakin “məxməri inqilab”dan sonra ölkənin siyasi kursu dəyişib.
O, baş nazir Nikol Paşinyanın rolunu xüsusi vurğulayaraq bildirib ki, onun rəhbərliyi ilə Ermənistan prioritetlərini sülhə və Avropa ilə inteqrasiyaya yönəldib.
Fransa lideri həmçinin Ermənistanda baş verən dəyişiklikləri Avropadakı daha geniş proseslərlə, Ukraynanın müqaviməti və regiondakı digər ölkələrdə aparılan islahatlarla əlaqələndirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
