
Seçici olduğum 34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa 18 namizəd var: 4 – partiya təmsilçiləri, 14 – bitərəf. Onlardan da 7 nəfəri hazırda işsizdir. 16 namizəd haqda heç bir məlumatım yoxdur. Heç bir təbliğatlarını da görmürəm. Heç plakatlarına, şəkillərinə belə rast gəlməmişəm. Digər 2 namizəd kimdir?
Biri Azərbaycan Rus İcmasının sədri Mixail Zabelindir. Təbii, ona səs verə bilmərəm. Yalnız ona görə yox ki, 25 illik deputatlığını fəaliyyət deyil, yalnız fəaliyyətsizlik adlandırmaq olaraq. Əsas ona görə ki, dekabrda özünü buraxan deputatlardan biridir. Bununla belə, əlbəttə, onun deputat olacağı indidən bəllidir!
Sonuncu namizəd isə bitərəf Səməd Rəhimlidir. İndiyədək tanımamışam. Amma son ay ərzində Facebookda onun reklamı çoxdur. Dairəmin namizədi olduğu üçün fikirlərinə qulaq asdım. Savadlı, enerjili gənc hüquqşünasdır. Bir sıra mülahizəsi ilə də razıyam. Lakin 2 problem var. Əvvəla, konkret yanaşması yoxdur. Sanki bir neçə xarici kitab oxuyub və oradan sitatlar gətirir (dövlət orqanlarında və bəzi holdinqlərdə də hazırda belələri artır, mən onları “forsundan cırılan”lar və “qlamur boşboğaz”lar adlandırıram). Ümumi və idealist mülahizələr irəli sürür. Ən əsası isə etiraf edir ki, libertariandır. Yəni çox sadə desək, azadlıq tərəfdarıdır və dövlətin rolunun azaldılmasını istəyir. Çox bəsit və idealist yanaşmadır. Əslində, reallıqda nə istədiklərini özləri də bilmir. Belələri, bir qayda olaraq, təcrübədə konkret suallara cavab verə, problemləri həll edə bilmir. Nəhayət, onların sərhədsiz azadlıq eşqi eynicinsli nikahların tanınmasına və s. aparır (amma nədənsə bu sərhədsiz azadlıq eşqi poliqamiyanı tanımır və insanın azadlığına burada sədd qoyur!). Bir sözlə, belə namizəd də mənlik deyil.
Belə getsə, seçkiyə gedib bütün namizədlərin əleyhinə səs verəcəyəm. Amma mütləq gedəcəyəm. Çünki mülkiyyətçiyəm. Səsimin oğurlanmasına yol verə bilmərəm!
