Hələ də davam edən İsrail-Fələstin müharibəsi: Dünya ölkələri kimi dəstəkləyir? – ARAŞDIRMAbackend

Hələ də davam edən İsrail-Fələstin müharibəsi: Dünya ölkələri kimi dəstəkləyir? - ARAŞDIRMA

Məlum olduğu kimi, ötən ay HƏMAS radikal qruplaşması “İslami-Cihad”la birgə İsrailin cənub zonasına hücum edib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda dünya gündəmi İsraillə Fələstin arasındakı münaqişə üzərində köklənib.

Maraqlıdır, İsraillə Fələstin arasında davam edən müharibəyə dünya ölkələri hansı cəbhədən baxır?

KONKRET.az Fələstini, İsraili və sülhü dəstəkləyən ölkələri araşdırıb.

ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya İsraili dəstəklədiklərini açıqlayıb. ABŞ prezidenti Co Bayden, Fransa rəhbəri Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Giorgia Meloni və onun böyük britaniyalı həmkarı Rişi Sunak İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı görüşdən sonra birgə bəyanat veriblər. Liderlər İsraili qətiyyətlə dəstəklədiklərini vurğulamaqla yanaşı, HƏMAS-ı və onun dəhşətli terror aktlarını birmənalı şəkildə pislədiklərini bildiriblər. Sadalanan ölkələrin liderləri İsrailin bu savaşı qazanması üçün lazımi köməyi edəcəklərini də açıqlayıblar: “Biz İsrailin özünü müdafiə edə bilməsini təmin etmək üçün müttəfiq və ortaq dost olaraq vahid və koordinasiyalı qalacağıq”.

İsrailin özünü və xalqını müdafiə etmək səylərini dəstəkləyəcəklərini qeyd edən liderlər ona qarşı yönələn hücumlara görə xəbərdarlıq da ediblər: “Biz hamımız Fələstin xalqının qanuni istəklərindən xəbərdarıq və həm israillilər, həm də fələstinlilərin azadlıq yolunda bütün addımlarını dəstəkləyirik. Amma HƏMAS bu tələbləri gözləmir, Fələstin xalqına terror və qırğından başqa heç nə vermir”.

Ukrayna hökuməti İsraili tam dəstəklədiyini və ehtiyac olduğu təqdirdə hərbi dəstək verəcəyini bildirib.

Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel X sosial media platformasında verdiyi açıqlamada İsraili dəstəklədiyini deyib: “İsrail və xalqına qarşı başladılan, günahsız vətəndaşları terrorun və zorakılığın qurbanına çevirən hücumları şiddətlə qınayıram”.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen də HƏMAS-ı qınayıb və İsrailin bu cür xain hücumlara qarşı özünü müdafiə etmək hüququnu müdafiə edib.
Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell də “İsraillə tam həmrəyəm” mesajını paylaşıb.

Belçika, İspaniya, İtaliya, İsveçrə, İrlandiya, Hollandiya, Xorvatiya, Avstriya, Yunanıstan, Çexiya, Sloveniya, Finlandiya, Polşa, Litva, Latviya, Estoniya və Kosovo rəsmiləri də HƏMAS-a reaksiya verən və İsraili dəstəkləyən mesajlar dərc ediblər.

İranın dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri isə HƏMAS-ın İsrailə qarşı başlatdığı gözlənilməz hücumu dəstəklədiklərini bildirib.
Fələstinli uşaqlara dəstək məqsədilə Tehranda keçirilən toplantıda çıxış edən Rəhim Səfəvi Fələstinin İsrailə qarşı başlatdığı savaşın qürurverici olduğunu deyib.

Misir İsrailin Fələstinə qarşı hücumlarının dayandırılmasına və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu gizlətməyib. Misir Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib ki, regionda baş verən proseslər qarşısında maksimum təmkin nümayiş etdirilməli və mülki vətəndaşlar əlavə risklərə məruz qalmamalıdır. Digər tərəfdən, Misir rəsmiləri İsraili Fələstin xalqına qarşı hücumlarını və təxribat xarakterli hərəkətlərini dayandırmağa və beynəlxalq humanitar hüquq qaydalarına əməl etməyə çağırıb.

Qətər Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib ki, Fələstin xalqına qarşı davam edən zorakılıqda İsrail birbaşa məsuliyyət daşıyır.

Səudiyyə Ərəbistanı da münaqişəni yaxından izlədiyini açıqlayıb və məsələnin sülh yolu ilə həll olunması üçün beynəlxalq ictimaiyyəti köməyə çağırıb.

Semra Ələkbərli,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*