“Həmsədrlər Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinin qarşısını almalıdır”backend

"Həmsədrlər Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinin qarşısını almalıdır"

“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirir. Hazırda isə bu proses daha intensiv xarakter alıb. Əvvəllər Suriyadan etnik ermənilər işğal olunmuş Azərbaycan ərazilərinə köçürülürdülərsə, indi də Livandan erməniləri gətirib torpaqlarımızda qeyri-qanuni məskunlaşdırırlar. Burada çox təhlükəli tendensiya da baş verməkdədir”

KONKRET.az– ın məlumatına görə bunu “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov bildirib.

Elman Nəsirov

Elman Nəsirov

Deputat qeyd edib ki, bir çox hallarda Yaxın Şərqdə terrorçuluq fəaliyyəti göstərən ermənilər Suriyadan, Livandan işğal altında olan Azərbaycan ərazilərinə köçürülürlər: “Ermənistan bu addımı ilə özünün əsl xislətini ortaya qoyur. Çünki Ermənistanda terrorçuluq dövlət siyasətinə çevrilib. Hesab edirəm ki, belə bir addım münaqişənin sülh yolu ilə həlli imkanlarının məhvinə gətirib çıxarır. Sülh danışıqları olmayacağı təqdirdə isə müharibə varinatı aktuallaşır. Ermənistanın son addımları regionda iri bir münaqişənin müharibəyə çevrilməsinə yaşıl işıq yandırmış olur. Bu halda isə bütün məsuliyyəti işğalçı ölkə olan Ermənistan və onun himayədarları daşıyacaq. Beynəlxalq ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşür ki, rəsmi Yerevana qarşı heç bir təzyiq və təsir mexanizmlərini işə salmır. Eyni zamanda ATƏT-in Minsk qrupu da yaranmış vəziyyətə görə məsuliyyət daşıyır. Çünki seyirçi mövqe tuturlar. Bunu görən Ermənistan isə növbəti cinayətləri həyata keçirməyə şirniklənir”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov isə qeyd edib ki, son zamanlar Ermənistanın terrorçu hərbi-siyasi rəhbərliyi tərəfindən növbəti təxribat xarakterli addımlar atılır: “Livanın paytaxtı Beyrutda baş verən partlayışdan sonra yenidən erməni köklü ailələrin Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni köçürülməsi həyata keçirilir. Burada bir neçə məqsəd var. Ermənistan bu addımları ilə tarixi saxtalaşdırmağa cəhdlər göstərir. Əminliklə deyə bilərəm ki, Ermənistan Livandan işğal olunmuş ərazilərimizə köçürdükləri insanları silahlı muzdlular kimi də istifadə edir. Ancaq Livandan köçürülən ermənilər bilməlidirlər ki, Şuşa onların vətəni deyil. Onlar bir gün mütləq oradan geri köçürüləcəklər. Şuşa Azərbaycanın və azərbaycanlılarındır. Ermənistan birinci dəfə deyil ki, təxribat törərir. Təxribat, riyakarlıq, ikiüzlülük, terrorçuluq onların xislətində var. Suriyadan da xeyli sayda erməni ailəsi işğal olunmuş ərazilərimizə köçürülüb. Bu proses hazırda da davam etməkdədir. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Buradan da bir daha təsdiq olunur ki, işğalçı ölkə bu addımları ilə beynəlxalq konvensiyaların və qanunların tələblərini kobud şəkildə pozur”.

Cavid Osmanov

Cavid Osmanov

Deputat bildirib ki, Ermənistan bu addımları ilə bütün danışıqlar prosesini sıfıra endirir və fiaskoya uğradır: “İşğalçı ölkənin atdığı bu addımlar heç bir beynəlxalq hüquqa sığmır. Ermənistan dərhal işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını çıxartmalıdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, nüfuzlu beynəlxalq təşkilatların qərarları da var. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu mütləq Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparmasına münasibət bildirməlidir. Beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupu işğalçı ölkəni bu addımından çəkindirmək üçün ona təzyiq etməli və vaxt itirmədən danışıqlara başlamalıdır. Əks təqdirdə əlavə gərginlik regionda hərbi-siyasi vəziyyəti daha da kəskinləşdirəcək. Bunun bütün məsuliyyəti isə işğalçı ölkə olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*