Deyirlər, bu qadının sayəsində qadınlar bu günə qədər həyatdan yalnız ehtiyac duyduqları hər şeyi deyil, həm də xəz paltarlar, zinət əşyaları və müxtəlif dəbdəbələri əldə etməyi bacarıblar.
Hər şey isə belə başlamışdı…
Həmin il qəbilə yırtıcı heyvanların getdikcə artan hücumlarından canını güclə qoruyurdu.
Qadınlar da kişilərlə çiyin-çiyinə vuruşur, ov edir, qəbilənin müdafiəsində iştirak edirdilər. Heç kəs təsəvvür belə edə bilməzdi ki, qadınlar mağarada qalacaq, kişilərlə birlikdə ova çıxmayacaqlar. Əsrlərdir belə idi – qəbilənin bütün üzvləri bütün işləri birlikdə görürdülər.
“Ov əlimizə çətinliklə keçir”, – deyə qəbilə başçısı bildirdi. “Yırtıcılar bizi özlərinə yem etmək istəyirlər. Əgər bəxt üzümüzə gülməsə, bizi aclıq gözləyir”.
Qəbilə artıq dörd gündür yemək görmürdü. Döyüşçülərin bədənindən güc çəkilib gedirdi. Nəhəng daşlarla bağlanmış mağaranın alaqaranlığında başı aşağı düşmüş insanlar görünürdü.
Çöldən gələn uğultular, caynaqların daşlara sürtülməsindən yaranan vahiməli səslər qəbilənin tələyə düşdüyünü göstərirdi.
Yırtıcılar mağaradan insanları çıxarıb, öz yuvasında pişiyin siçanla oynadığı kimi, onları bir-bir ovlamaq istəyirdilər.
Birdən zahirən digərlərindən heç nə ilə fərqlənməyən bir qadın ayağa qalxıb qəbilə başçısına yaxınlaşdı.
– Sən güclü döyüşçüsən, – dedi qadın. – Bacarıqlı ovçusan. Sürətlə qaça bilirsən. Sənin sürətin bizim xilasımdır. Heç bir pələng səninlə ayaqlaşa bilməz. Çünki sən yalnız sürətli deyil, həm də ağıllısan. Bir strategiya düşünəcəksən və qələbə, həmişə olduğu kimi, yenə sənin olacaq.
Qadının sözləri qəbilə başçısına keçmişdəki şanlı günlərini xatırlatdı. Başını dikəltdi.
Onun qadını dinləmək xoşuna gəlirdi. Çünki bu sözlər sanki gücü yenidən əzələlərinə qaytarır, özünəinamını, ləyaqət və qürur hissini dirçəldirdi.
Qadın onun gözlərinə baxdı və orada sanki belə bir xahiş oxudu: “Xahiş edirəm, dayanma, danışmağa davam et!”
Və qadın sözünə davam etdi:
– Biz sənin üçün yükük, igid döyüşçü. Sən təkbaşına onu, səni qorumaq məcburiyyətində olduğun qadınların arasında olduğundan daha tez öldürə bilərsən. Mağaradan səssizcə çıxacaqsan və yırtıcı üçün gözlənilməz olacaqsan. O, ayağa qalxmağa macal tapmamış nizən onun ürəyini deşəcək. Mən bilirəm, hər şey məhz belə olacaq! Sən onu öldürəcəksən, biz ətini yeyəcəyik, sonra isə elə bir yerə köçəcəyik ki, heç bir vəhşi heyvan bizə çata bilməsin. Sən bizi cənnətə aparacaqsan. Mən buna inanıram!
Qadın bunları deyib öz yerinə qayıtdı, oturdu və gözlərini yumdu.
O, qəbilə başçısından heç nə gözləmirdi. Sadəcə inanırdı ki, bu güclü kişi onları xilas edəcək. Başçı isə hərəkətsiz dayanırdı. Qadın bundan narahat deyildi – qəbilə başçısı həmişə qərarlarını özü verirdi.
Beşinci günün səhəri açıldı. Soyuqdan hamını yuxu basmışdı. Qadın da, bir çox başqaları kimi, yuxuya getmişdi.
Qışqırıq səslərinə oyandı.
Hamı həyəcan içində qışqırır, sevinclə atılıb-düşürdü. Qadın isə əvvəlcə nə baş verdiyini anlamadı. Sonra gördü ki, qan içində olan qəbilə başçısı yaralanmayıb – əlində ət parçaları tutur.
O, hər şeyi başa düşdü:
Qəbilə başçısı qalib gəlmişdi!
Hamı yatarkən, nəhəng qılıncdişli pələng də yuxuya getmişdi. Qəbilə başçısı mağaradan səssizcə çıxmış, böyük bir daşı yırtıcının üstünə itələmişdi. Heyvan zərbədən kütləşmiş halda ayağa qalxmağa çalışarkən başçı onun üstünə atılmış və nizəsini düz ürəyinə sancmışdı.
Qələbə o qədər asan olmuşdu ki, qəbilə başçısı pələngin qarnını yararkən öz bəxtinə hələ də inana bilmirdi.
Əvvəllər bütün qəbilə ilə birlikdə ova çıxanda çoxlu itkilər olurdu. Ovdan gətirilən yemək isə həmişə həlak olmuş döyüşçülərin acısı ilə qarışırdı.
İndi isə başçı başa düşdü ki, onun qələbəsinə inanan bu qadın düşündüyündən də müdrik imiş. Ona yaxınlaşmaq istədi.
Qadın ona dedi:
– Sən yırtıcını öldürdün, başçı. Bizi xilas etdin. Sən böyük döyüşçüsən! Mən sənin bu qəhrəmanlığını həmişə xatırlayacağam. Amma, xahiş edirəm, bizi elə bir yerə apar ki, orada təhlükəsiz yaşaya bilək.
– Yaxşı, qadın. Söz verirəm, sizi elə bir yerə aparacağam.
Amma ürəyində belə düşündü:
“Bu qadın yaşına görə inanılmaz dərəcədə müdrikdir. Mən hər gün onun mənə olan inamını ifadə edən sözləri eşitmək istəyirəm”.
Qadın isə öz-özünə düşündü:
“Deməli, o mənə mənim ona ehtiyac duyduğumdan daha çox ehtiyac duyur! Mən onu qəhrəmanlıqlara ruhlandıracağam. Mən ona inandığım müddətdə o mənim olacaq”.
Bir il sonra həmin qadın körpə qızına layla deyirdi…
Bu laylanın bizim dilimizdə mənası təxminən belə səslənirdi:
“Böyüyəndə özünə elə bir kişi seç ki, ona bütün qəlbinlə inan.
Ona sənin üçün etməsini istədiyin şeyləri hər dəfə söylə – o, mütləq edəcək.
Sən ona öz inamınla lazımsan. Necə ki, günəşə ətrafında dövr edən planetlər, bütün canlılara isə hava lazımdır.
Sən ona qəhrəman ola bilməsi üçün lazımsan.
Sən ona lazımsan, çünki sənin inamın olmadan o, səhərə qədər belə yaşaya bilməz.
Ona inan və qoy sənin inamın hər gün sözlərin vasitəsilə ona çatsın.
Kişinlə danışanda sözlərin inamla dolu olsun. Susanda isə sükutun belə ona olan inamını ifadə etsin.
Və o, sənin istədiyini sənə gətirəcək”.
Mən sizə, əziz qadınlar, qızlar və analar, məhz həmin qadından və onun oxuduğu bu layladan danışmaq istədim.
Qoy bu qədim hekayənin mahnısı sizə istədiklərinizə müdrikliklə, səbrlə və qəlb rahatlığı ilə çatmağın yolunu xatırlatsın.
Hazırladı Natiq Səlim,
Müəllif: Dauren Musa
