Hər şeydən güclü Mogikanların sonuncusu: Kimdir O?backend

Hər şeydən güclü Mogikanların sonuncusu: Kimdir O?

Söhbət Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlərindən gedir. Onlardan biri bu günlərdə səssiz-səmirsiz bu dünyadan köçünü çəkib getdi. Bu iki dəfə Sosialist Əməyi Qəhrəmanı Vladimir Dolgix idi. Çoxları unudub. Gənclərsə bilmir ki, onun portreti Siyasi Büronun digər üzvlərinin rəsmi ilə birlikdə 20 il Sovet fabriklərinin, institutlarının və dövlət qurumlarının inzibati binalarının qarşısında asılıb. İnsanlar bu portretləri 1 may və oktyabr nümayişlərində həvəslə daşıyırdılar. Və bu adamlar həqiqətən dünyanın yarısını əhatə edən sosialist düşərgəsinin hakimi-mütləqləri idilər.

Dolgixin ölüm xəbərindən sonra çoxları kədərli bir şəkildə ah çəkdilər: “dövr keçdi”, “Siyasi Büronun son üzvü də getdi…”

Amma bu adamlar bəzi şeyləri unudurlar. Belə ki, SSRİ-nin bu elit “hökmdar klubu” nun 16  üzvü hələ də yaşayır. Bütün Sovet dövründə isə –yəni 70 ildə 129 insan bu yüksək mənsəbə sahib olub.

Lakin son 20 ildə güclü Brejnev Siyasi Bürosunun tərkibi ilə boş yerə yenidən qurulan SSRİ-nin Qorbaçov Siyasi Bürosunun son tərkibi arasında kosmik bir fərq var idi. Baxmayaraq ki, Qorboçovçuların ən böyük “xidmətləri” SSRİ-ni dağıtmaq oldu.  Güclü Siyasi Bürodan isə bu günlərimizə qədər ikisi  gəlib çıxdı. Bunlardan biri Mixail Sergeyeviç Qorbaçovdur. İndi onun 89 yaşı var. Düz 40 il əvvəl, 21 oktyabr 1980-ci ildə o, Kommunist Partiyası Mərkəzi Komitəsinin o vaxtkı katibi Sovet “güc dairəsi” nin – Siyasi Büronun ən gənc üzvü oldu. O dövrdə Stavropol vilayətinin partiya liderinin cəmi 49 yaşı vardı. 60-70 yaşlı mogikanların yanında Qorbaçov çox gənc görünürdü. Qorbaçov 1985-ci ilin martında Sovet İttifaqının və SSRİ Kommunist Partiyasının rəhbəri oldu. Və tarixdə SSRİ-nin ilk və son prezidenti olaraq qaldı.  Qorbaçovun altı illik hakimiyyəti dövründə SSRİ sürətlə çökməyə başladı. Özü də 1991-ci ilin dekabrında hakimiyyətdən qovuldu…

1982-88-ci illərdə Siyasi Büro üzvü olan və bu ilin oktyabr ayında aramızdan ayrılan Vladimir İvanoviç Dolgix Böyük Vətən müharibəsində iştirak edən və ən uzun ömürlü  partiya elitasının son təmsilçisi olaraq yaddaşlarda qaldı. Gənc Volodya 16 yaşında könüllü olaraq Böyük Vətən Müharibəsinə getdi.17 yaşını Tula şəhəri  uğrunda döyüşlərdə qeyd etdi. Oryol yaxınlığında ağır yaralandı.

Ancaq Sosialist Əməyi Qəhrəmanı adını iki dəfə başqa səbəblərə görə aldı. Birincisini, Norilsk kombinatının və Şimal bölgəsini inkişafındakı xidmətlərinə görə. İkincisini isə ölkənin yanacaq-enerji kompleksinin dayanıqlı inkişafını təmin etdiyinə görə. Yeni Rusiyada isə Dolgix 3 il Dövlət Dumasının millət vəkili, daha 5 il senator olaraq çalışdı.

Vladimir İvanoviç ömrü boyu bu torpaqda ədalətli bir cəmiyyət qurmağın mümkün olduğuna inanmağa davam etdi və uzun illər onu öz əlləri ilə qurdu.

“Yenidənqurma cücələri” – Qorboçov Siyasi Bürosundan (1985 – 1990-cu illərdə) bu günə qədər isə 4 nəfər qalıb.

Onlardan biri Siyasi Büronun ən yaşlı üzvü Yeqor Kuzmiç Ligaçevdir. 1988-ci ildə o,  partiya konfranslarından birində Yeltsinə xitabən: “Boris, sən yanılırsan!” – deməsiylə daha çox yaddaşlarda qaldı. Yeqor Kuzmiç iki il əvvəl, Zveniqoroddakı bir pansionatda  sətəlcəm xəstəliyinə tutuldu. Və yalnız bir neçə gün əvvəl partiyanın 99 yaşlı qazisi Mərkəzi Klinik Xəstəxanadan evə buraxıldı. Oğlu İskəndərin “KP”-yə dediyi kimi, ata  özünü yaxşı hiss etmir.

Yenidənqurma Siyasi Bürosunun sağ qalan üçüncü üzvü Nikolay İvanoviç Rıjkovdur. Bir il əvvəl, 90 illik yubileyi üçün Rusiya Prezidentinin əlindən Əmək Qəhrəmanı ulduzunu aldı. Rıjkov SSRİ-nin ən son baş naziri idi. 17 ildir ki, Federasiya Şurasının üzvüdür (və bundan əvvəl 6 il Dövlət Dumasında oturub).

O illərin sağ qalan dördüncü “partiya müdiri” – o vaxt Belarusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olan Nikolay Nikitoviç Slyunkovdur. O, 3 il Sov.İKP MK-nın katibi vəzifəsində çalışıb. Qızının “KP”- yə dediyi kimi, atası son vaxtlar yaxşı deyil, Minskdə müalicə alır. Rusiya paytaxtında yaşayış sahəsinin olmasına baxmayaraq, 91 yaşlı Slyunkov uzun müddətdir ki, orada görünmür.

SSRİ-nin dağılmasında əməyi olan “keçid həyəti” Siyasi Büro üzvlərindən isə sağ qalanlar daha çoxdur. 1990-91-ci illərdə “son” və ya “genişləndirilmiş” Siyasi Büro seçildi. Bu ali siyasi qurumun çəkisi o qədər də böyük deyildi. Bununla belə orada oturan bəzi insanlar az-çox diqqət çəkirdi. Onlardan bu günümüzə qədər 13 nəfəri gəlib çıxıb. Eyni  Mixail Qorbaçov kimi.

  1. Son Siyasi Büro üzvlərindən biri Nursultan Nazarbayevdir. Onun hazırda 80 yaşı var. Qazaxıstan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, daha sonra – Qazaxıstanın  Prezidenti olub. Hazırda Qazaxstanın Təhlükəsizlik Şurasının rəhbəridir.
  2. Petru Luçinski  – Moldaviya SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, sonra Moldova Prezidenti olub. İndi – öz adına olan Strateji Araşdırmalar Vəqfinin rəhbəridir. 80 yaşı var.
  3. 82 yaşlı Ayaz Mütəllibov – Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Azərbaycanın ilk prezidenti olub. 1992-ci ildə devrildikdən sonra Rusiyada yaşayıb, yalnız 2012-ci ildə Bakıya dönə bilib.
  4. İvan Polozkov RSFSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, yenidənqurma əleyhdarı. 1990-cı ilin yayında Yeltsin əvəzinə Rusiyaya rəhbərlik edə bilən adam. RSFSR Ali Sovetinin sədri seçkilərində iki turda Yeltsinlə bərabər səs topladı, lakin üçüncü turdan sonra namizədliyin geri çəkdi. İndi SSRİ-nin dağılması ilə bağlı momeriallar və kitablar yazır. 85 yaşı var.
  5. Yeqor Stroyev-Sov.İKP MK-nın katibi, kənd təsərrüfatından məsul vəzifələrdə, daha sonra Oryol vilayətinin başçısı və Federasiya Şurasının sədri işləyib. 2014-cü ildə bütün vəzifələrdən istefa verdi. İndi 83 yaşındadır.
  6. Alfred Rubiks  – Latviya SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, sonralar Latviya Seyminin və Avropa Parlamentinin deputatı olub. 6 il “dövlət çevrilişinə cəhd” ittihamı ilə Latviya həbsxanasında yatıb. 85 yaşı var.
  7. Aleksandr Dzasoxov – Sov.İKP Şimali Osetiya Regional Komitəsinin 1-ci katibi, daha sonra Dövlət Dumasının deputatı, Şimali Osetiyanın Prezidenti, Federasiya Şurasının üzvü olub. 2010-cu ildə bütün vəzifələrdən istefa verib. 86 yaşı var.
  8. Ann-Arno Sillari – Estoniya SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, o zaman Tallin Şəhər Şurasının deputatı olub, indi isə iş adamıdır. 76 yaşı var.
  1. Yuri Prokofyev – Sov.İKP Moskva Şəhər Komitəsinin 1-ci katibi, daha sonra – bir iş adamı və ictimai xadim oldu. 81 yaşı var.
  2. Anatoliy Malofeyev-Belarus SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, daha sonra – Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri olub. 87 yaşı var.
  3. Qriqori Yeremey-Moldaviya SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi (Luçinskinin yerinə), daha sonra Moldovanın Belarus, Rumıniya və İsraildəki səfiri olub. 85 yaşı var.
  4. Mixail Surkov (74 yaş) – Sov.İKP Ümum Ordu Partiya Komitəsinin katibi, daha sonra – Dövlət Dumasının deputatı və Hesablama Palatasının müfəttişi vəzifəsində çalışıb.74 yaşı var.

QEYD: SSRİ dövründə ən çox müddətə Siyasi Büronun üzvü Kliment Voroşilov olub-34 il 5 ay.Ən qısa müddətdə Siyasi Büronun üzvü isə Georgi Jukov olub.Cəmi 120 gün.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Mənbə: “Комсомольская ПРАВДА”, 23 oktyabr 2020-ci il.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*