1931-ci ildə Münhendə 23 yaşlı Angela Maria Raubalın meyiti tapılıb. Yaxınları onu Geli adlandırırdı. Rəsmi istintaq gənc qadının özünü tapançadan atəş açaraq öldürdüyü qənaətinə gəlib.
Lakin hadisənin bəzi detalları sonradan ciddi suallar doğurub. Çünki Raubalın meyiti Münhenin Prinzregentenplatz meydanındakı mənzildə aşkarlanmışdı. Mənzil nasistlərin lideri Adolf Hitlerə məxsus idi və gənc qadının öldüyü tapança da onun silahı idi. Üstəlik, Geli Hitlerə yaxın qohum idi – onun ögey bacısı Angela Raubalın qızı.
Polis hesabatına görə, qızın meyiti sentyabrın 19-da aşkarlanıb. Hadisədən cəmi üç gün sonra sosial-demokrat yönümlü “Münchener Post” qəzeti “Sirli iş” başlıqlı məqalə dərc edib.
Qəzetin yazdığına görə, sentyabrın 18-də Geli Vyanaya getmək və orada nişanlanmaq istədiyini bildirdiyi üçün Hitlerlə arasında ciddi mübahisə yaranıb. İddiaya əsasən, Hitler onun bu planına qarşı çıxıb. Məqalədə həmçinin Geli Raubalın burnunun sındırıldığı və bədənində digər xəsarətlərin olduğu yazılıb.
“Münchener Post”un məlumatına görə, nasistlər partiyasının qərargahında hadisənin ictimaiyyətə necə təqdim olunması ilə bağlı müxtəlif versiyalar müzakirə edilib. Nəticədə onun intiharının uğursuz musiqi karyerası ilə əlaqələndirilməsi barədə açıqlama verilib.
Lakin meyitin sonrakı müayinəsi qızın bədənində qəzetin yazdığı xəsarətləri təsdiqləməyib. Bununla belə, tam yarılma aparılmayıb.
Polis hesabatında daha bir mühüm detal yer alırdı: mənzilin sahibi hadisədən əvvəl Münheni tərk etmişdi və Geli Raubal onun gedişindən sonra özünü öldürmüşdü. Hitler isə aralarında hər hansı mübahisənin olduğunu inkar edib. Onun sözlərinə görə, Geli həqiqətən Vyanaya getmək istəyirdi, lakin məqsədi musiqi fəaliyyəti ilə bağlı idi.
Hitler qəzetdən məlumatı rəsmi şəkildə təkzib etməsini tələb edib və “Münchener Post” sonradan bu təkzibi dərc edib.
Lakin indi hadisənin əsas məqamlarından biri yeni arxiv sənədləri əsasında yenidən müzakirəyə çıxarılıb.
“Der Spiegel”in yazdığına görə, yeni aşkar edilmiş sənədlər Geli Raubalın meyitinin polis hesabatında göstərildiyindən bir gün əvvəl tapıldığını göstərir. Bu isə Hitlerin hadisə zamanı Münhendə olmadığı barədə irəli sürülən alibiyə dair suallar yaradır.
Geli Raubal 1927-ci ildə Vyanadan Münhenə köçüb. 1929-cu ildən isə maddi baxımdan ona dəstək olan dayısı Hitlerin mənzilində yaşamağa başlayıb. Həmin dövrdə onların münasibətlərinin sırf qohumluq çərçivəsində olmadığına dair müxtəlif ehtimallar da irəli sürülüb.
Tarixçi Harald Sandnerin fikrincə, hadisənin real təfərrüatlarının gizlədilməsi cəhdi ehtimal edilə bilər. Lakin hazırda bunun məqsədli şəkildə saxtalaşdırıldığını təsdiqləyən konkret sübut yoxdur.
Yeni arxiv sənədləri də özlüyündə Geli Raubalın öldürüldüyünü və ya onun ölümündə Hitlerin iştirak etdiyini sübut etmir. Bununla belə, sənədlərin üzə çıxması 1931-ci ildə baş vermiş müəmmalı ölümün bəzi mühüm detallarının yenidən araşdırılmasına səbəb olub.
Ağagül Mürsəlov,
KONKRET.az
