Hörmət əlaməti, yoxsa münaqişə mənbəyi? – Ailələrdə ad davasıbackend

Hörmət əlaməti, yoxsa münaqişə mənbəyi? - Ailələrdə ad davası

Azərbaycanda yeni doğulan uşağa ad seçimi bəzən yalnız valideynlərin deyil, nənə-babanın və digər ailə üzvlərinin də müzakirəsinə çevrilir. Xüsusilə ənənəvi ailələrdə uşağa babanın, nənənin və ya digər yaxın qohumun adının verilməsi gözləntisi valideynlərlə ailə böyükləri arasında fikir ayrılığına səbəb ola bilir.

KONKRET.az xəbər veirr ki, sosioloq Mətanət Məmmədova demokrat.az-a açıqlamasında bildirib ki, uşağa ad qoymaqla bağlı ailələrdə vahid yanaşma yoxdur və bu məsələ daha çox ailədaxili münasibətlər və qarşılıqlı razılıq əsasında formalaşır.

Onun sözlərinə görə, bəzi ailələrdə uşağın adını ailənin böyükləri, digərlərində isə valideynlər seçirlər:

“Məsələn, ailələr var ki, orada uşağın adını böyüklər qoyur, ailələr var ki, ata-ana qoyur. Ancaq mənim fikrimcə, uşağın adını qoymaq onu dünyaya gətirən valideynlərə məxsusdur. Valideynin dünyaya gətirdiyi övladına ad verməsi onun ən təbii haqqıdır və bu haqqı heç kəs onun əlindən ala bilməz.

Hər hansı bir valideyn uşağın adını qoymaq istəyirsə, orada qayınana, qayınata, istər oğlanın ata-anası, istərsə də qızın ata-anası bu məsələyə qarışmamalıdır ki, “Yox, sən bu adı qoyma, filan adı qoy” və yaxud da “Mənim adımı qoy”.

Bizim klassik Azərbaycan ailələrində belə bir ənənə də var ki, nənə-baba sağlığında öz adlarını nəvələrinə verirlər. Bu, əslində, həm yaxşı, həm də müəyyən hallarda problem yarada bilən məsələdir.

Nəyə görə?

Yaxşıdır ona görə ki, ailədə adlar yaşadılır. Məsələn, uşağa ailənin böyüyünün adı verildikdə, bu, birgə yaşayan ailələrdə böyüyə qarşı əlavə hörmət və sayğı formalaşdıra bilər.

Amma digər tərəfdən, mən bunu həmişə müsbət hal kimi qəbul etmirəm. Çünki dəfələrlə görmüşəm ki, nənə-babanın adı uşağa verilir və valideyn əsəbiləşəndə uşağa həmin ada uyğun olmayan ifadə işlədir. Belə olduğu təqdirdə evdə yeni problemlər yaranır. Məsələn, “Mənim adımı daşıyan uşağa sən o sözü deməməli idin” kimi iradlar səslənə bilər.

Bütün bunları nəzərə aldıqda, valideynin özünün uşağa ad verməsi daha təbii haldır.

Nənə-baba da öz adını nəvəsinə verə bilər. Bu, qarşılıqlı razılıq əsasında həyata keçirilə bilər və uşağın valideynləri də buna razı olmalıdırlar.

Ad qoymaqla bağlı, ümumiyyətlə, bizim ailələrimizdə zaman-zaman çoxsaylı problemlər olub. İndinin özündə də belə hallar mövcuddur. Bəzi valideynlər hesab edirlər ki, yeni doğulan uşağa, nəvəmə mən özüm ad vermirəmsə, burada artıq mən öz funksiyamı və böyüklük statusumu itirirəm. “Uşaq bizim ailənin uşağıdır, burada uşağa adını böyük verməlidir” düşüncəsi ilə yanaşırlar.

Əslində, bu, bizim qədim adət-ənənələrimizdən də irəli gəlir. Qədimdə adqoyma mərasimləri olub. Dədə Qorqud haqqında rəvayətlərdə və əsərlərdə də elin ağsaqqalının uşağa ad verməsi ilə bağlı nümunələrə rast gəlirik.

Digər adqoyma mərasimlərində də elin ağsaqqalı uşağa ad verərdi. Ancaq zaman dəyişdikcə bu ənənənin əvvəlki forması da dəyişib.

Gənclər müasirləşdikcə öz övladlarına özləri ad qoymaq istəyirlər. Necə ki, dünənə qədər internet yox idi, rəqəmsal dünyamız yox idi və biz fərqli həyat tərzi keçirirdik, bu gün rəqəmsal dünya həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Eləcə də digər adət-ənənələrimiz zaman-zaman öz formasını dəyişir. Biz də bu dəyişikliklərə uyğunlaşırıq.

Odur ki, bu gün də elə ailələr var ki, gənc cütlük uşağın adını ailənin böyüklərinin qoymasını istəyir. Ancaq elə ailələr də var ki, gənc valideynlər deyirlər: “Mən dünyaya gətirdiyim övladıma özüm ad verəcəyəm”.

Burada sadəcə qarşılıqlı anlaşma olmalıdır. Ailənin böyükləri “Gəlin kimdir, oğul kimdir ki, mən olduğum yerdə uşağa ad versin?” kimi yanaşma nümayiş etdirməməlidirlər.

Hər bir böyük, hər bir ata-ana düşünməlidir ki, ən kiçik bir məsələyə görə gənc ailədə problem yaratmamalı, onlarla aramızda olan bağları qırmamalı və münasibətlərə xələl gətirməməlidir.

Bunu böyüklər, valideynlər, qayınata və qayınanalar düşünməlidirlər.

Ona görə də hesab edirəm ki, adqoyma məsələsində əsas seçim valideynlərin üzərinə düşməlidir. Valideyn öz övladına hansı adı istəyirsə, qoysun. Çünki uşağı bir ömür həmin adla çağıracaq olan da valideynlərdir. Adın onların ürəyincə olması daha təbii haldır.

Belə olduğu təqdirdə böyüklər də inciməməli və narahat olmamalıdırlar. Çünki bizim hələ də elə ailələrimiz var ki, valideynlər adqoyma prosesini öz böyüklərinə həvalə edirlər.

Cəmiyyətimiz müasirləşdikcə, qədimdən gələn ənənələrlə müasir yanaşmaları bir-biri ilə harmoniya edərək gələcək nəsillər üçün daha sağlam ailə münasibətləri formalaşdıra bilərik.

Ona görə də bütün bunlarda sayğını və hörməti gözləməliyik. Valideyn özü ad qoymaq istəyirsə, özü qoysun. Əgər valideyn böyüklərdən birinin uşağa ad verməsini istəyirsə, bu halda böyüklər də həmin məsuliyyəti üzərlərinə götürə bilərlər.

Bütün bunlar bir məsələyə xidmət edir: qarşılıqlı sayğı və hörmətə. Sayğı və hörmət naminə bu yanaşmanı qorumaq lazımdır.

Valideyn özü ad qoymaq istəyirsə, böyük buna hörmətlə yanaşmalıdır. Valideyn uşağın adını böyüklərdən birinin qoymasını istəyirsə, bu halda həmin ailə böyüyü uşağa ad verə bilər”, – deyə sosioloq fikrini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*