Azərbaycanda pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi qaydasının dəyişdirilməsi təklif olunur. Yeni mexanizmə əsasən, pensiya və pensiya kapitalının məbləğindən asılı olaraq fərqli indeksləşdirmə əmsallarının tətbiqi nəzərdə tutulur.
KONKRET.az xəbər verir ki, Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əsas dəyişiklik bütün pensiyalara eyni faizlə indeksləşdirmə tətbiqindən diferensial yanaşmaya keçidlə bağlıdır:
“Hazırda qüvvədə olan mexanizm ilə təklif olunan dəyişiklik arasında əsas fərq indeksləşdirmənin hamıya eyni faizlə tətbiq olunmasından daha diferensial yanaşmaya keçiddir. Qaydada əmək pensiyasının sığorta hissəsi ölkə üzrə orta aylıq nominal əməkhaqqının əvvəlki ildəki artım tempinə uyğun indeksləşdirilir. Məsələn, 2026-cı ildə 2025-ci il üzrə orta aylıq nominal əməkhaqqının artım göstəricisi 9,3 faiz olduğundan, yanvarın 1-dək təyin edilmiş pensiyalar 9,3 faiz artırılıb”.
Eyni zamanda, fərdi şəxsi hesabda toplanmış pensiya kapitalının da istehlak qiymətləri indeksinə, yəni inflyasiyaya uyğun indeksləşdirildiyini deyən ekspert əlavə edib:
“Yeni təklifdə isə pensiyanın və pensiya kapitalının məbləği də nəzərə alınacaq. Orta aylıq əməkhaqqına qədər olan məbləğdə pensiyalara hazırkı indeksasiya faizi tam tətbiq ediləcək. Pensiya həmin həddən yuxarı olduqda isə yuxarı hissəyə daha aşağı əmsalla indeksləşdirmə aparılacaq”.
Akif Nəsirli yeni mexanizmi belə izah edib:
“Sadə misalla izah etsək, tutaq ki, müəyyən edilən indeksasiya 10 faizdir və orta aylıq əməkhaqqı 1 200 manatdır. 1 000 manat pensiya alan şəxs üçün 10 faizlik artım tam tətbiq edilə bilər və pensiya 1 100 manata yüksələr. Amma 2 000 manat pensiya alan şəxsdə bütün 2 000 manata 10 faiz tətbiq olunmaya bilər. İlk 1 200 manat tam indeksləşdirilər, ondan yuxarı olan 800 manatlıq hissəyə isə daha aşağı əmsal tətbiq olunar”.
Ekspertin fikrincə, burada əsas məqam yüksək pensiyanın bütövlükdə aşağı əmsalla indeksləşdirilməsi deyil. Söhbət müəyyən həddə qədər olan hissənin tam, həmin həddən yuxarı hissənin isə fərqli əmsalla indeksləşdirilməsindən gedir:
“Eyni diferensial yanaşmanın fərdi hesablarda toplanan pensiya kapitallarına da tətbiqi nəzərdə tutulur. Yüksək pensiya kapitalının müəyyən həddə qədər olan hissəsi tam indeksləşdirilə, həddən yuxarı hissəsinə isə daha aşağı əmsal tətbiq edilə bilər”.
Akif Nəsirli qeyd edib ki, hazırda konkret hədlər və hər hədd üçün əmsallar açıqlanmayıb:
“Hazırda açıqlanan məlumatda konkret hədlər və hər hədd üçün əmsallar göstərilməyib. Ona görə də, məsələn, 1 200 manatdan yuxarı pensiyaya konkret hansı faizin tətbiq olunacağını indidən demək düzgün olmaz. Konkret rəqəmlər qanunvericilikdə müəyyənləşəndən sonra real hesablamanı aparmaq mümkün olacaq”.
Ekspertin sözlərinə görə, yeni mexanizmin mahiyyəti pensiya və pensiya kapitalı artdıqca indeksləşdirmənin bütün məbləğə eyni faizlə tətbiq olunmamasıdır:
“Bu dəyişiklik aşağı və orta səviyyəli pensiyaların indeksasiya faizinin tam qorunmasını, yüksək pensiyalarda isə artımın nisbətən məhdudlaşdırılmasını nəzərdə tutur. Bu, hazırkı ‘hamıya eyni indeksasiya faizi’ yanaşmasından fərqli mexanizmdir”.
