ABŞ-ın Yaxın Şərqdəki mövqeyinin “heç də yaxşı vəziyyətdə olmadığını” bildirən İran ordusunun nümayəndəsi, general Məhəmməd Əkrəminia Vaşinqtonun hərbi müdaxilə edəcəyi təqdirdə regionda daha genişmiqyaslı münaqişənin başlaya biləcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, general bu barədə SNN telekanalına açıqlamasında danışıb.
Əkrəminianın sözlərinə görə, ABŞ-ın regiondakı vəziyyəti əvvəlki kimi əlverişli deyil:
“Amerikalılar regionda heç də yaxşı vəziyyətdə deyillər. Əgər ABŞ üçün hər şey yaxşı olsaydı, vəziyyəti dəyişməyə çalışmazdılar”.
İranlı general bildirib ki, ölkəsinin silahlı qüvvələri Vaşinqtonun mümkün hücumuna qarşı əvvəlkindən daha hazırlıqlıdır. Onun sözlərinə görə, İran ordusunda həm mənəvi-psixoloji hazırlıq gücləndirilib, həm də hərbi texnika və silahlanma baxımından yenilənmələr aparılıb.
“Bizdə mənəvi-psixoloji hazırlıq var, hərbi imkanlarımızı optimallaşdırmışıq və yeni silah və hərbi texnika nümunələrini döyüş tərkibinə daxil etmişik”, – deyə Əkrəminia vurğulayıb.
Generalın sözlərinə görə, ABŞ-ın hərbi təcavüzə əl atması Yaxın Şərqdə vəziyyəti daha da ağırlaşdıra bilər:
“Düşmən təcavüzə qərar versə, region əvvəlkindən daha güclü şəkildə müharibə, qeyri-sabitlik və zorakılığa qərq olacaq. Nəticədə region ölkələri daha böyük zərər görəcək”.
İran ordusunun baş komandanı Əmir Xatəmi isə bildirib ki, ölkəsinin müharibəsi hələ başa çatmayıb. O, İranın yeni zərbələr endirməyə hazır vəziyyətdə qalmalı olduğunu qeyd edib.
“Biz qalib gəlmişik, lakin bu qələbəni qoruyub saxlamalıyıq”, – deyə Xatəmi bildirib.
Günay Əli
KONKRET.az
