Wall Street Journal ABŞ və İran arasında gizli danışıqların təfərrüatlarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Amerika nəşrinin məlumatına görə, İran və ABŞ nümayəndələri arasında birbaşa təmaslar ötən ilin dekabrında Nyu-Yorkda başlayıb. ABŞ prezidenti Co Bayden administrasiyası təkcə 2015-ci il nüvə müqaviləsinin yenilənməsini deyil, həm də ABŞ və İslam Respublikası arasında məhbus mübadiləsini qarşısına məqsəd kimi qoyub. Nyu Yorkdan sonra danışıqlar Omana keçib və burada üç raund görüşü keçirilib.
“İranın təmaslar zamanı əsas tələbi odur ki, razılaşmanın yenilənməsi və məhbusların azad edilməsi müqabilində İranın Qərb banklarındakı aktivlərinin dondurulması dayandırılsın. İlk addım olaraq, iranlılar Cənubi Koreyanın maliyyə institutlarında saxlanılan 7 milyard dollara çıxış əldə etməyə və İraqa İran tərəfindən tədarük olunan neft və qazın pulunu ödəməyə icazə verməyə çalışırlar. Seul rəsmiləri deyir ki, Vaşinqton artıq birinci tələblə bağlı onlarla əlaqə saxlayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, ölkəsi heç vaxt danışıqlar masasından ayrılmayıb və razılığa gəlmək üçün hər zaman ciddi və mənalı dialoqa hazır olduğunu nümayiş etdirir. Nəsir Kənani bu sözləri Vaşinqton və Tehranın İslam Respublikasının nüvə proqramı ilə bağlı anlaşmaya yaxın olması barədə xəbərlər fonunda deyib. Sözçü həmçinin iki ölkənin Oman vasitəsilə bir-biri ilə mesaj mübadiləsi apardığını təsdiqləyib.
Günel Mikayılova,
KONKRET.az
