Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin ilk 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarı daxil olub. İcraatda olan aliment işləri üzrə 4 259 nəfər axtarışdadır. İnzibati qaydada həbs olunan şəxslərin sayı 1 051 nəfər, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı isə 98 nəfərdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatına əsasən Azərbaycanda 91 min 196 aliment ödəyicisi var.
Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır.
Maraqlıdır, aliment ödəyən işsizlər üçün xüsusi iş yerləri yaradılmalıdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu məsələnin dərindən araşdırılıb təhlil edilməsinə ehtiyac var:
“Bir qrup aliment ödəyicisi saxta işsizlik sənədi hazırlamaqla aliment ödəməkdən yayınırlar və ya işlədikləri yerdə əməkhaqlarını başqalarının adına yazdırırlar. Bu faktların araşdırılıb üzə çıxarılmasına, fırıldaq ilə alimentdən yayınanların ciddi cəzalanmasına ehtiyac var”.
Onun sözlərinə görə, nə regionlarda, nə də paytaxt Bakıda iş potensialından düzgün istifadə olunmur.
“Hazırda rayonlarda işsizlik səviyyəsi yüksəkdir. Rayonların torpağı isə münbitdir. Regionlarda iş imkanlarının ciddi araşdırılmasına böyük ehtiyac var. İşsiz aliment ödəyicilərinin işlə təmin olunması istiqamətində isə sistemli iş qurulmalıdır. Bu sahədə boşluq var. Müvafiq qurumlar bu məsələni diqqətdə saxlamaladırlar”.
Aygün Mirakif,
KONKRET.az