Fələstin İsrailin BMT-dəki üzvlüyünün dayandırılmasını tələb edib. Belə ki, Fələstin prezidenti Mahmud Abbas beynəlxalq ictimaiyyəti İsrailin BMT-dəki üzvlüyünü dayandırmağa çağırıb. Onun bu çağırışı dünya dövlətləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Maraqlıdır, görəsən, BMT Mahmud Abbasın bu çağırışına necə cavab verəcək? Ümumiyyətlə İsrailin BMT üzvülüyündən çıxarılması mümkündürmü?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elman Vəliyev bildirib ki, Fələstinin çağırışına görə, İsrailin BMT üzvülüyündən çıxarılması mümkün deyil: “BMT elə bir təşkilatdır ki, orada 5 əsas yaradıcı dövlətlər və digər üzvlər mövcuddur. İsrail isə BMT-nin ən sanballı üzvlərindən biridir. Onun hansısa qətnaməni icra etmədiyinə görə, üzvlükdən çıxarılacağını düşünmək absurddur. Ona qalsa, Ermənistan da BMT qətnamələrini icra etməyib. Amma İrəvanla bağlı heç bir tədbir görülməyib. İsrail dünyanın əsas güclərindən biridir. Onun BMT üzvülüyündən çıxarılması böyük qalmaqal yarada bilər. Odur ki, Mahmud Abbasın çağırış və tələblərinin heç bir nəticəsi olmayacaq”.
Politoloqun sözlərinə görə, yəhudilərin “Böyük İsrail” dövləti qurmaq planı var: “İsrailin bu planından vaz keçməsi mümkün deyil. Xüsusilə fələstin İsrail üçün çox önəmlidir. Bu iki dövlət arasında sülh və əməkdaşlıq məsələsini “suya yazılan yazı” kimi dəyərləndirmək olar. Ona görə də, iki dövlət arasındakı konfliktlər qaçılmazdır. Xüsusilə, Orta Şərqdə, Qəzza bölgəsində mövcud olan konfliktlərin gələcəkdə daha da şiddətlənməsi mümkündür”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
